ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı siyasətçinin yaxın ətrafındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Vensin qərarına təsir edən əsas amillərdən biri İranla davam edən müharibədir. Onun tərəfdarları hesab edirlər ki, münaqişənin uzanması Respublikaçılar Partiyasının növbəti prezident seçkilərində şanslarına ciddi zərbə vuracaq.
Mənbələrdən biri məsələ ilə bağlı bildirib ki, əsas sual Cey Di Vensin qalib gəlib-gəlməyəcəyi deyil. İranla müharibə davam edəcəyi təqdirdə ümumiyyətlə hər hansı respublikaçının prezident seçkilərində qələbə qazanmaq imkanı olmayacaq.
Bununla belə, Vens hələlik siyasi gələcəyi ilə bağlı yekun qərar qəbul etməyib və namizədliyi barədə nə vaxt açıqlama verəcəyini də müəyyənləşdirməyib. Onun tərəfdarlarının bir qismi isə vitse-prezidentin 2028-ci il seçkilərində iştirakına ümid edir.
CNN-in məlumatına görə, Vensin aralıq seçkilərdən sonra Respublikaçılar Partiyasının məğlubiyyətini İranla müharibə ilə əlaqələndirən paylaşımı ABŞ Prezidenti Donald Trampın narazılığına səbəb olub.
Əliyar Xəlil