VQzJMPl4ZU6ynMk5VFzTSdFbccRtdAyPlYvRP9wy

PFL-in (Professional Fighters League) yüngül çəki üzrə çempionu Usman Nurməhəmmədovun gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili ilə Əbu-Dabidə yaşadığı insidentə görə daha ağır cəzalandırılması mümkün idi.

Globalinfo.az xəbər verir ki, bunu cinayət işləri üzrə vəkil Maksim Silvestri “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Hüquqşünasın fikrincə, Birləşmiş Ərəb Əmirliklərinin qanunvericiliyi ictimai yerdə zorakılıq hallarına qarşı kifayət qədər sərt yanaşır.

Silvestri qeyd edib ki, hadisə daha ağır bədən xəsarəti kimi qiymətləndirilsəydi, təqsirləndirilən şəxsi yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilərdi.

Vəkil beynəlxalq qanunvericiliklə müqayisə apararaq bildirib ki, oxşar hadisə Rusiyada baş versəydi, hüquqi qiymətləndirmədən asılı olaraq əməl döymə və ya yüngül bədən xəsarəti kimi təsnif edilə bilərdi. Bu halda nəzərdə tutulan cəza iki ilədək həbs olardı. Bununla belə, Silvestrinin fikrincə, Rusiya hüquq praktikasında real həbs cəzasının tətbiqi ehtimalı daha aşağı olardı.

O, həmçinin tərəflərin qarşılıqlı münaqişədə iştirakının Rusiyada cinayət işinin dayandırılmasına əsas yarada biləcəyini istisna etməyib.

Qeyd edək ki, insident noyabrın 11-də Əbu-Dabidəki otellərdən birində baş verib. Dvalişvili müsahibə verdiyi zaman Usman Nurməhəmmədov və onun ətrafındakı şəxslərlə qarşıdurma yaşanıb.

Sonradan, noyabrın 13-də Əbu-Dabi məhkəməsi hadisə ilə əlaqədar 10 nəfəri altı ay müddətinə azadlıqdan məhrum edib, hər birinə 300 min dirhəm cərimə və ölkədən deportasiya cəzası təyin edib. Dvalişvili və onun komanda yoldaşı Saba Lazşvili isə hərəyə 50 min dirhəm cərimələnərək azadlığa buraxılıblar. 

Tahir Turan
Globalinfo.az

Paylaş: