Son dövrlər Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə siyasi təmaslarının intensivləşməsi diqqət çəkir. Prezident İlham Əliyevin Davos, Münxen, həmçinin son olaraq Dublin və digər beynəlxalq platformalarda keçirdiyi ikitərəfli görüşlərin bir qisminin qarşı tərəfin müraciəti əsasında təşkil olunması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, 2025–2026-cı illərdə Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana ardıcıl səfərləri münasibətlərin inkişafında yeni dinamikanın yarandığını göstərir.
Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin Azərbaycana ardıcıl səfərlərini və Prezident İlham Əliyevlə görüşlərə marağını necə qiymətləndirirsiniz? Dövlət başçısının beynəlxalq platformalarda keçirdiyi bəzi ikitərəfli görüşlərin məhz qarşı tərəfin müraciəti əsasında təşkil olunması Azərbaycan Prezidentinin beynəlxalq nüfuzu və ölkəmizin diplomatik çəkisi barədə nə deyir?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Azərbaycan getdikcə dünyada daha çox tanınır və beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir:
“Təbii ki, bu proses ölkənin suverenliyinin möhkəmlənməsi və dövlət nüfuzunun artması fonunda baş verir. Bütün bunlar olduqca əhəmiyyətlidir. Amma burada vacib bir məqam da var: biz artıq Avropanın siyasi xəritəsində yer almışıq. Avropa İttifaqı Cənubi Qafqazın hər üç ölkəsinə xüsusi diqqət yetirir və uzun müddətdir müxtəlif proqramlar, layihələr vasitəsilə onları Avropaya inteqrasiyası istiqamətində təşviq edir.
Gürcüstan bu istiqamətdə müəyyən uğurlar əldə etmişdi. Lakin Rusiyanın bu ölkəyə təsirinin güclənməsi ilə proses dayandı. Hazırda Ermənistan da Avropaya inteqrasiya istiqamətində addımlar atır. Gürcüstanın isə bu prosesdə müəyyən maneələrlə üzləşdiyi müşahidə olunur.
Azərbaycanın Avropa İttifaqı ilə özünəməxsus əməkdaşlıq modeli mövcuddur. Xüsusilə enerji daşıyıcıları, neft və qaz ticarəti sahəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Rusiya qazının tədarükünün azalması, eyni zamanda dünyanın digər regionlarından Avropaya nəql olunan qazın və yanacağın bahalaşması fonunda Azərbaycanın karbohidrogen ehtiyatları Avropa bazarı üçün xüsusi əhəmiyyət daşıyır.
Bu münasibətlərin mühüm tərəflərindən biri də ondan ibarətdir ki, Avropa ölkələrinin əksəriyyəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Aİ-yə üzv olan bir çox dövlət Azərbaycanın strateji tərəfdaşıdır. Bütün bunlar, əlbəttə ki, həm Avropa ölkələrinin Azərbaycana olan ehtiyacından, həm də Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətdən qaynaqlanır. Bu siyasət həmin ölkələrlə əməkdaşlığımızın daha da dərinləşməsinə imkan yaradır”.

Əli Mustafayev
Ə.Mustafayevin sözlərinə görə, Azərbaycanın Avropa Siyasi Birliyinin toplantılarında iştirakı, eləcə də belə bir toplantının ölkəmizdə keçirilməsinin nəzərdə tutulması rəsmi Bakının Avropa ölkələri ilə inteqrasiyaya və yaxınlaşmaya müsbət yanaşdığını göstərir:
“Hesab edirəm ki, bu, düzgün siyasi və strateji xəttdir. Təbii ki, bütün bu proseslərdə şəxslərin rolu və şəxsi münasibətlər də mühüm əhəmiyyət daşıyır.
Bütün hallarda Avropa İttifaqı rəsmilərinin Azərbaycana səfərləri, Prezident İlham Əliyevin Avropa ölkələrinə səfərləri və müxtəlif beynəlxalq toplantılarda iştirakı əməkdaşlığımızın dərinləşməsinə xidmət edir. Eyni zamanda, bu əlaqələr ölkəmizin beynəlxalq nüfuzunun artması və təhlükəsizlik maraqlarının təmin olunması baxımından da olduqca faydalıdır”.
Safura Bənnayeva
Globalinfo.az