pasinyan 78

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi İrəvanla Moskva arasındakı münasibətlərə heç bir təsir göstərməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə ekspert, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin deyib.

“Bizim humanitar və mədəni sahələrdə əla münasibətlərimiz var. İqtisadi, diplomatik və siyasi əlaqələrimiz mövcuddur. Bu, bütöv bir münasibətlər spektridir. Ermənistan bizim üçün yaxın ölkədir. Bizi birləşdirən çoxsaylı məqamlar var”, – o bildirib.

Toporninin sözlərinə görə, Ermənistan Avropaya inteqrasiya kursundan imtina etmir və bu, Moskva ilə İrəvan arasındakı əlaqələrin inkişafında sabitliyi pozan amildir:

“Rusiya hesab edir ki, Ermənistan öz seçimini etməlidir. Görünür, eyni anda iki stulda oturmaq – həm Aİİ-də, həm də Aİ-də olmaq mümkün deyil. Məhz bu, son vaxtlar münasibətlərin soyumasına gətirib çıxarıb”.

Qeyd edək ki, noyabrın 11-də KTMT-yə üzv ölkələr Ermənistanı təşkilatda səsvermə hüququndan, eləcə də təşkilatda məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum ediblər.

KTMT postsovet məkanının bir neçə dövləti tərəfindən kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə yaradılmış regional beynəlxalq təşkilatdır. Onun əsas məqsədləri sülhün, beynəlxalq və regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, həmçinin üzv dövlətlərin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin kollektiv şəkildə qorunmasıdır.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin artıq KTMT-də maraqlarının qalmadığını bəyan etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: