Azərbaycanda gənc yaşda general rütbəsi alan şəxslər çoxdur. Onların sırasında ölkənin ən gənc generallarından biri olan, 34 yaşında general-mayor ali xüsusi rütbəsinə yüksələn Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov da var. Onun vəzifə yüksəlişi qısa müddətdə baş verib.
Globalinfo.az metbuat.az-a istinadən xəbər verir ki, Fuad Elxan oğlu Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub.
2008-2012-ci illərdə Bakı Dövlət Universitetində gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə isə magistr təhsili alıb. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə gömrük orqanlarında fəaliyyətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildə Azərbaycanın Belçikadakı Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi – gömrük attaşesi təyin edilib.
general Fuad Məmmədov
Prezident İlham Əliyevin 12 mart 2025-ci il tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsinə təyin olunan Məmmədov həmin vaxt gömrük xidməti mayoru idi. O, cəmi iki ay sonra polkovnik rütbəsinə yuksəlib. 29 yanvar 2026-cı ildə isə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.
Fuad Məmmədov intellektual kadr kimi tanınır. O, rus və ingilis dillərində sərbəst danışır.