“2027-ci ildə uşağın anadan olmasına görə müavinətin 600 manatdan 1500 manata, 3 yaşınadək uşağa qulluğa görə ödənilən müavinətin isə 37 manatdan 100 manata çatdırılması proqnozlaşdırılır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sosial büdcə zərfinin müzakirəsi zamanı keçirilən iclasda bildirib.
Onun sözlərinə görə, gələn il məcburi dövlət sosial sığortası hesabına ödənilən bir sıra müavinətlərin maliyyələşdirilməsi üçün 281 milyon manat vəsait nəzərdə tutulub.
Bu məbləğ cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 38 faiz və ya 77 milyon manat çoxdur.
Musa Quliyev qeyd edib ki, nəzərdə tutulan artım bir sıra sosial müavinətlərin məbləğinin yüksəldilməsinə imkan verəcək.
Belə ki, sığorta olunan şəxslərə 3 yaşınadək uşağa qulluğa görə ödənilən müavinətin 700 manatdan 936 manata çatdırılması da proqnozlaşdırılır.
Komitə sədri əlavə edib ki, sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin maliyyələşdirilməsi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə 25 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Safura Bənnayeva
Globalinfo.az