Azərbaycan SSR-in rəhbəri Nəriman Nərimanov da Ankara hökumətinə böyük maliyyə dəstəyi göstərmişdi. Məlumatlara görə, Türkiyəyə 500 kiloqram külçə qızıl, 19 min Osmanlı qızılı, 1,5 milyon Fransa frankı və 1 milyon ingilis funt sterlinqi göndərilmişdi. Nəriman Nərimanov Mustafa Kamala ünvanladığı məktubuna “Paşam…” sözləri ilə başlayırdı. O, məktubunda belə yazırdı: “Bizim türk millətində qardaş qardaşa borc verməz. Qardaş həmişə qardaşın əlindən tutar”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli tanınmış yazıçı-jurnalist Yılmaz Özdil deyib.
O bildirib ki, Azərbaycanın Türkiyəyə dəstəyi bununla da məhdudlaşmırdı:
“Azərbaycanlılar Türkiyənin Qurtuluş Savaşına yalnız iqtisadi yardım göstərməmiş, bu mübarizədə insan resursları ilə də iştirak etmişdi. Bu barədə Türkiyə Böyük Millət Məclisinin 8 iyul 1920-ci il tarixli stenoqramlarında da məlumatların olduğu bildirilir. Həmin sənədlərdə Azərbaycanın yardım məqsədilə Türkiyəyə hərbi qüvvə göndərməsindən bəhs olunur.
Azərbaycanlı könüllülər bir alay şəklində Qurtuluş hərəkatına qoşulmuşdular. Baş Qərargahın sənədlərində də bu barədə məlumatların olduğu qeyd edilir. Bildirilir ki, azərbaycanlılar Türkiyəyə zabit və əsgərlərlə yanaşı, səhra topları da gətirmişdilər.
Polkovnik-leytenant Səməd bəyin (Səməd Rəfibəyli – red.) rəhbərliyi altında Azərbaycan piyada və süvari alayı yaradılmışdı. Təxminən 1200 nəfərdən ibarət olan bu qüvvə idi: bu, həmin dövr üçün kifayət qədər böyük hərbi birlik sayılırdı.
Azərbaycanlı döyüşçülər kiçik dəstələr şəklində İran ərazisindən keçərək Anadoluya gəlmiş, Altıncı Süvari Diviziyasının tərkibində bizim qüvvələrimizlə çiyin-çiyinə vuruşmuşdular. Daha sonra Qərb cəbhəsinə göndərilən azərbaycanlılar Böyük Hücumda da iştirak etmişdilər. Bəli, sentyabrın 9-da İzmirə daxil olan süvarilər arasında Azərbaycan türkləri də var idi”.
Əliyar Xəlil
Globalinfo.az