Erdogan xerite 900x534 1

PKK terror təşkilatının qurucusu Abdullah Öcalanın İmralıdakı həbsxanada saxlanma şəraitinin dəyişdirilməsi və azadlığa buraxılması ilə bağlı müzakirələr Türkiyədə kürd məsələsinin gələcəyi ətrafında fərqli iddiaları da aktuallaşdırıb.

Belə ki, bəzi siyasi dairələr rəsmi Ankaranın İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaradılmasına razılıq verə biləcəyini iddia edirlər.

Bəs bu iddiaların nə dərəcədə əsası var? Türkiyə həqiqətən belə bir ssenariyə yaşıl işıq yandıra bilərmi? Müstəqil Kürdüstanın yaradılması regionda hansı geosiyasi dəyişikliklərə və təhlükəsizlik risklərinə yol aça bilər?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaradılmasına Türkiyənin razılıq verdiyi barədə iddialar inandırıcı görünmür:

“Abdullah Öcalanın həbsxananın yeni bölməsinə köçürülməsi isə daha çox onun sülh prosesində iştirak imkanlarının genişləndirilməsi və Türkiyənin kürd məsələsinin həllinə fərqli yanaşma sərgiləməsi kimi qiymətləndirilə bilər. Lakin bu addımları Türkiyənin ərazi bütövlüyü və regional sərhədlərlə bağlı mövqeyinin dəyişməsi kimi təqdim etmək düzgün deyil. Öcalanın həbsdən azad edilməsi barədə də rəsmi qərar yoxdur.

İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaradılmasına gəldikdə isə, bunun rəsmi Ankaranın strateji maraqları ilə uzlaşması olduqca çətindir. Türkiyə 2017-ci ildə İraq Kürdüstan Regionunda keçirilmiş müstəqillik referendumuna qarşı çıxmış, referendumun nəticələrinin həyata keçirilməsinin qarşısını almaq üçün Bağdadla koordinasiyalı mövqe nümayiş etdirmişdi. Ankara həmin dövrdə İraqın ərazi bütövlüyünün qorunmasını açıq şəkildə müdafiə edirdi.

İndi də bu mövqenin dəyişdiyini göstərən hər hansı ciddi sübut mövcud deyil. Əksinə, 2026-cı ilin sentyabrında Türkiyə və İraq arasında əldə edilmiş razılaşmalar Bağdadın ölkənin şimalında dövlət nəzarətini gücləndirməsini, Sinjar bölgəsində qanunsuz silahlı qruplaşmaların fəaliyyətinə son qoyulmasını və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Bu yanaşma müstəqil dövlət layihəsinin dəstəklənməsindən tamamilə fərqli istiqamətdir”.

yusif bagirzade 900x498 1
Yusif Bağırzadə

Politoloq bildirib ki, məsələnin Türkiyə üçün təhlükəsizlik tərəfi isə xüsusilə həssasdır:

“İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaradılması Türkiyənin cənub-şərq bölgələrində separatçı meyillərin güclənməsi üçün müəyyən siyasi və ideoloji zəmin formalaşdıra bilər. Belə bir presedent xüsusilə İraqla sərhədyanı ərazilərdə yaşayan kürd əhali arasında siyasi gözləntiləri və muxtariyyət tələblərini artıra bilər.

Digər risk PKK və regiondakı digər silahlı qruplaşmaların yeni siyasi reallıqdan istifadə etmək imkanları ilə bağlıdır. Belə bir dövlətin yaranması sərhədlərin təhlükəsizliyi, silahlı qrupların fəaliyyəti və Türkiyə-İraq münasibətləri baxımından əlavə mürəkkəblik yarada bilər. Eyni zamanda, İran və Suriya da öz ərazilərindəki kürd siyasi qüvvələrinin mümkün reaksiyasını nəzərə alaraq bu prosesə həssas yanaşa bilərlər.

Odur ki, İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaradılmasına rəsmi Ankaranın razılıq verməsi real görünmür. Türkiyənin Öcalan və PKK məsələsində müəyyən siyasi və hüquqi addımlar atması ölkənin ərazi bütövlüyü ilə bağlı fundamental mövqeyindən imtina etməsi demək deyil. Əksinə, Ankara kürd məsələsini Türkiyənin sərhədləri daxilində və İraqın ərazi bütövlüyünə xələl gətirmədən həll etməyə çalışır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: