“Mən bir məsələyə toxunmaq istəyirəm. Məcburi köçkün kimi vətəndaşlardan mənə ünvanlanan müraciətləri Milli Məclisə çatdırmaq istəyirəm. Beş bacım, iki qardaşım var. Amma heç birimizə Ağdamda ev verilmir. Bəxtiyar müəllimə və onun qardaşlarına da ev düşmür. Niyə?”
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, bu gün Ağdamda böyük tikinti işləri gedir:
“Təkcə Ağdamda deyil, bütün ərazilərimizdə quruculuq işləri aparılır. İnsan ora gedəndə ürəyi açılır. İlk növbədə zirzəmilərdə yaşayanlar, ağır həyat şəraiti olanlar, yol kənarında məskunlaşanlar köçürülür. Ağdam artıq köhnə Ağdam deyil. Mən 1970-ci ildən Bakıda yaşamışam, qaçqın və məcburi köçkün statusu daşımışam. İndi isə atamın mülkünün yerləşdiyi, vaxtilə yaşadığım şəhərdə mənə ev verilmir.
Ağdamlılardan çoxsaylı müraciətlər alıram. Deyirlər ki, qardaş, bizə niyə ev düşmür? Mənim beş bacımın, iki qardaşımın da problemi eynidir. Səbəb isə odur ki, vaxtilə həyat yoldaşlarının və ya özlərinin iş fəaliyyəti ilə əlaqədar başqa rayonlara köçüblər, orada qeydiyyata düşüblər və nəticədə Ağdam qeydiyyatlarını itiriblər. Mənim də hazırda Ağdam qeydiyyatım yoxdur. Axı mən Ağdamda anadan olmuşam, atamın evi də orada olub. İndi mən gedib öz cibimdən pul xərcləyərək Ağdamda ev almalıyam? Niyə?
Bu gün Ağdamda 100 min nəfərlik şəhər salınır. Bəs ora kimlər köçəcək? Təxminən 10 min ağdamlının başqa rayonlarda qeydiyyatda olduğu bildirilir. Onlar vaxtilə işlə əlaqədar başqa rayonlara köçüblər. Ailə qurarkən həyat yoldaşı Ağdamlı olmadıqda da həmin şəxsin məcburi köçkün statusu ilə bağlı problemlər yaranır. Məsələn, Ağdamlı başqa rayondan olan şəxslə ailə qurubsa, bu məsələdə çətinliklərlə üzləşir.
Bu, ciddi məsələdir. Qaçqın və məcburi köçkün statusu ilə bağlı qaydalara yenidən baxılmalı, bu məsələyə aydınlıq gətirilməli və müəyyən nizam yaradılmalıdır. İnsanların narahatlığı aradan qaldırılmalı, onların doğma yurdlarına qayıtmaq imkanları nəzərə alınmalıdır”
Safura Bənnayeva
Globalinfo.az