esas 13

Bəzi vətəndaşlar ev və avtomobillərini satmaq üçün müxtəlif saytlarda satış elanı yerləşdirir, əlaqə nömrələrini də açıq şəkildə paylaşırlar. Lakin iddialara görə, bu nömrələr dələduzların hədəfinə çevrilə bilər.

Maraqlıdır, elan saytlarında əlaqə nömrəsini paylaşmaq hansı təhlükələr yarada bilər? Telefon nömrəsi vasitəsilə şəxsin bank və digər şəxsi məlumatlarına çıxış əldə etmək mümkündürmü?

Globalinfo.az-a danışan Xəzər Universitetinin IT departament rəhbəri, “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin eksperti Fərid Musayev deyib ki, bu, dələduzluq cəhdləri üçün ilkin mərhələ ola bilər:

“Belə ki, dələduzlar nömrə vasitəsilə şəxs haqqında məlumat toplamağa, ona zəng etməyə və bank əməliyyatlarını təsdiqləmək üçün tələb olunan məlumatları ələ keçirməyə çalışırlar. Bu baxımdan, elanlarda şəxsi nömrə əvəzinə saytın daxili mesajlaşma sistemindən istifadə etmək və ya yalnız satış məqsədilə ayrıca nömrə yaratmaq daha məqsədəuyğundur. Heç bir halda OTP kodu, PIN, CVV, kart nömrəsi və internet bankinqə giriş məlumatlarını başqaları ilə paylaşmaq olmaz. Banklar bu məlumatları telefon vasitəsilə tələb etmirlər”.

WhatsApp Image 2026 10 13 at 12.21.36

Fərid Musayev

Ekspert bildirib ki, alıcının avans, depozit, kuryer haqqı yaxud yoxlama məqsədilə təsdiq kodu istəməsi dələduzluğun əsas əlamətlərindən biridir:

“Belə hallarda ünsiyyəti dərhal dayandırmaq lazımdır. Eyni zamanda, mesajlaşma tətbiqlərində ikiaddımlı doğrulamanı aktivləşdirmək və təhlükəsizlik kodlarını yalnız şəxsi cihazda saxlamaq tövsiyə olunur. Avtomobil, əmlak alqı-satqısı zamanı pul əməliyyatlarının bank və ya notariat qaydasında həyata keçirilməsi, görüşlərin isə açıq, təhlükəsiz məkanlarda təşkili vacibdir. Şübhəli zəng, mesaj daxil olduqda, qarşı tərəflə bankın rəsmi nömrəsi, mobil tətbiqi, internet saytı vasitəsilə yenidən əlaqə saxlamaq lazımdır. Hər hansı dələduzluq cəhdi, şübhəli əməliyyatla qarşılaşdıqda isə dərhal banka məlumat verilməli, kart bloklanmalı və müvafiq təhlükəsizlik orqanlarına müraciət edilməlidir. Ümumilikdə telefon nömrəsinin elanda paylaşılması birbaşa maliyyə təhlükəsi yaratmasa da, dələduzların hədəfə çatmaq üçün istifadə etdiyi ilk vasitələrdən biridir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: