“ABŞ-dakı seçkilərdən sonra dünya daha sakit deyil, əksinə, gözlənilməz vəziyyətə düşə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri, ictimai xadim David Ananyan deyib.
“The Economist” jurnalının oktyabrın 28-də dərc olunan “Aralıq seçkilər dünyanı daha təhlükəli edəcəkmi?” başlıqlı məqaləsində təqdim edilən modelə əsasən, demokratların Nümayəndələr Palatasına nəzarəti ələ keçirmə ehtimalı 94 faiz, Senata nəzarəti ələ keçirmə ehtimalı isə 53 faiz qiymətləndirilir. Lakin noyabrın 3-də keçiriləcək seçkilərlə bağlı əsas geosiyasi məsələ rəqəmlər deyil, Donald Trampın mümkün məğlubiyyətə necə reaksiya verəcəyidir. Daxili siyasətdə imkanları məhdudlaşan prezident xaricdə sürətli uğur əldə etməyə çalışa bilər. Bunun isə razılaşma, təzyiq və ya hərbi əməliyyat vasitəsilə baş verməsi mümkündür”, – o bildirib.
D.Ananyan qeyd edib ki, Rusiya-Ukrayna istiqamətində sürətli atəşkəsə nail olmaq cəhdlərinin intensivləşməsi mümkündür:
“Lakin atəşin dayandırılması ilə davamlı sülh eyni şey deyil. Təhlükəsizliyin real təminatları və mümkün pozuntulara görə sanksiyaların tətbiqi mexanizmi olmadan əldə edilən razılaşma növbəti müharibəyə hazırlıq üçün fasiləyə çevrilə bilər. Əks ssenari isə danışıqların uğursuzluğu və qarşıdurmanın daha da dərinləşməsidir. Ukrayna və Avropanın mövqeləri də bu hesablamalara təsir göstərə bilər.
ABŞ-İran münasibətlərində də mümkün razılaşma ilə güc tətbiqi bir-birini istisna etmir. Sözügedən məqalədə İrana yeni zərbələr endirilməsi qəbul edilmiş qərar kimi deyil, mümkün ssenari kimi müzakirə olunur. Lakin məhdud zərbə endirilməsi heç də nəticələrin məhdud olacağı demək deyil. Çünki cavab tədbirləri enerji infrastrukturu və kommunikasiya xətlərinə zərər vura, bununla da böhranı daha da genişləndirə bilər.
Bu istiqamətlər eyni vaxtda inkişaf edə bilər. Üstəlik, Rusiya ilə razılaşmaların əldə olunması İranla bağlı ABŞ siyasətinin mütləq yumşalacağı anlamına gəlmir. Böyük dövlətlər arasındakı münasibətlər dəyişməz dostluq və düşmənçilik xəritəsi deyil”.
İctimai xadim bildirib ki, Ermənistan üçün bu, uzaq bir müzakirə mövzusu deyil:
“İran ətrafında eskalasiya cənub istiqamətindəki kommunikasiya xətlərinə, yükdaşımalarına, enerji əməkdaşlığına və qiymətlərə zərbə vura bilər. Rusiya-Qərb münasibətlərindəki dəyişikliklər isə ticarət, pul köçürmələri və sanksiyalar mühitini yenidən formalaşdıra bilər. Böyük dövlətlərin diqqətinin başqa istiqamətə yönəlməsi Türkiyə və Azərbaycanın hesablamalarına da təsir göstərə bilər. Gərginliyin azalması yeni imkanlar yarada bilər. Lakin yeni imkanlar, təbii ki, hələ təhlükəsizlik zəmanətləri demək deyil.
Məhz bu məqamda Ermənistanın hazırkı hakimiyyətinin məsuliyyəti məsələsi ortaya çıxır. ABŞ-la əməkdaşlıq etmək, İranla əlaqələri qorumaq və ya Rusiya ilə işgüzar münasibətlər saxlamaq özlüyündə yanlış deyil. Yanlış olan bunlardan hər hansı birini bütün təhlükələri aradan qaldıran xilas yolu kimi təqdim etməkdir.
Bəs cənub yolu bağlanarsa, sərhəddə gərginlik yaranarsa və ya tərəfdaşlardan birinin prioritetləri dəyişərsə, Ermənistan nə edəcək? Yoxlanıla bilən və ölçülə bilən hazırlıq, alternativlər və məsuliyyət haradadır?
Hakimiyyətin acınacaqlı və aciz görünüşü ölkənin kiçik olmasından deyil, vədlərlə real təhlükəsizlik təminatları arasındakı fərqi gizlətmək siyasətindən qaynaqlanır. Avantürizm hətta sülh dili ilə də danışa bilər. Bu isə ölkənin təhlükəsizliyinin başqalarının dəyişməz xoşməramlılığına ümid üzərində qurulduğu zaman baş verir. Böyük dövlətlər öz mövqelərindəki dəyişiklikləri yeni maraqlarla izah edə bilərlər. Ermənistan isə öz hazırlıqsızlığını yeni dünya nizamı ilə əsaslandıra bilməz”.
Əliyar Xəlil
Globalinfo.az