Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazırlaşdığına dair mesajların fonunda ictimaiyyətdə sorğu keçirilib.
Globalinfo.az xəbər verir ki, Ermənistanın “Oragir.news” nəşri KTMT ilə bağlı sorğu aparıb.
Əhalinin bir qismi KTMT-dən çıxmağın Ermənistana müsbət təsir etməyəcəyini düşünsə də, əksəriyyət bu təşkilatı faydasız hesab edir.
Sorğuda iştirak edən İrəvan sakinlərinin çoxu Ermənistanın Rusiyadan yalnız zərər gördüyünü və KTMT-dən çıxmalı olduğunu bildiriblər. Hətta “Türkiyə bizə hücum etsə, nə Rusiya, nə də Qazaxıstan köməyimizə çatacaq” fikirləri səsləndirilib.
Bəzi vətəndaşlar isə Rusiya ilə yanaşı ABŞ-a da güvənilməməli olduğunu vurğulayıblar.
Qeyd edək ki, KTMT-də Ermənistanın üzvlük məsələsinə baxılacağı, ölkənin təşkilatdan kənarlaşdırılması ehtimalının müzakirə olunacağı açıqlanıb. Həmçinin Ermənistan rəsmiləri də bu təşkilatda fəaliyyətin dondurulduğunu və KTMT-ni əhəmiyyətsiz hesab etdiklərini bildirirlər.
Əliyar Xəlil
Globalinfo.az