prezident eliyev saat 900x525 2

“Prezident İlham Əliyevin Azərbaycanın ideoloji təhlükəsizlik məsələsi ilə bağlı fikirləri son dərəcə mühüm əhəmiyyət kəsb edir”.

Bu sözləri Globalinfo.az-a Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

O, Prezidentin “ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir” tezisinin bir çox reallıqları ortaya çıxardığını bildirib:

“Prezidentin bu çıxışından dərhal sonra bəzi ölkələrdəki anti-Azərbaycan təbəqələrin isterik reaksiyası, hətta ölkəmizə sızdırdıqları təxribatçı şəbəkələrin “hicab” bəhanəsi ilə hərəkətə keçməsi sübut etdi ki, o, çıxışında nə qədər haqlı imiş.

Lakin unutdular ki, bütün bu təxribatların qarşısını almaq üçün Azərbaycanın çox güclü bir silahı var: AZƏRBAYCANÇILIQ! O ideologiya ki, müəllifi Ulu öndər Heydər Əliyevdir. O ideologiya ki, bu gün ölkənin dövlətçilik fəlsəfəsinin əsasını təşkil etməklə yanaşı, müxtəlif xalqları və etnik azlıqları vahid ideya ətrafında birləşdirən mühüm amilə çevrilib.

Azərbaycançılıq ideyasının kökləri tarixin çox dərin qatlarına gedib çıxsa da və şimalda Qafqaz sıra dağlarından cənubda Gəngər körfəzinə, qərbdə Qara dənizdən şərqdə Xəzər dənizinə qədər uzanan böyük bir coğrafiyada min illər boyu bu ideyaya xidmət edən insanlar yaşayıb mübarizə aparsa da, onun dövlət ideologiyasına çevrilməsinin təməlində Ümummilli lider Heydər Əliyevin 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayında çıxışında səsləndirdiyi aşağıdakı fikirləri dayanır: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Əziz Ələkbərli qeyd edib ki, Azərbaycan xalqının milli və dövlətçilik ideologiyası kimi azərbaycançılıq fəlsəfəsində üç məqama xüsusi diqqət yetirmək lazımdır:

“Birincisi, azərbaycançılıq – ölkə daxilində bütün azərbaycanlılar arasında milli birlik və həmrəyliyi təmin edən bir ideologiyadır.

İkincisi, azərbaycançılıq – tək azərbaycanlıların yox, Azərbaycan adlı coğrafiyada tarixən yaşayan bütün xalqların, özünü bu vətənin övladı sayan bütün etnik qrupların milli birlik ideyasıdır. Yəni dinindən, dilindən, milliyyətindən, sosial vəziyyətindən, cinsindən, yaşından asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəs bu ölkənin maraq və mənafelərini birinci sıraya qoymalıdır.

Üçüncüsü, azərbaycançılıq – təkcə Azərbaycan Respublikası ərazisində yaşayan azərbaycanlıların və Azərbaycanı özünün tarixi vətəni hesab edən müxtəlif azsaylı xalqların milli birlik ideologiyası olaraq qalmır, o həm də bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasıdır. Ona görə də Ulu Öndər Heydər Əliyev 28 dekabr 1996-cı il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü Münasibətilə bütün dünya azərbaycanlılarına üz tutaraq elan edirdi ki, “Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır”.

eziz elekberli

Əziz Ələkbərli

Deputatın sözlərinə görə, bu gün də bu ideologiya milli birliyin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ideoloji təhlükəsizliyin təmin olunması baxımından öz aktuallığını saxlayır:

“Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, möhtəşəm Zəfərə nail olub, beynəlxalq nüfuzunu daha da artırmış və regionun güc sahibinə çevrilib.

Hazırda ölkənin bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, böyük coğrafiyalarda söz sahibi olması Azərbaycanın nüfuzunun və gücünün əyani göstəricisidir.

Çox təəssüf ki, bütün bu reallıqları görməyən və ya görmək istəməyənlər hələ də Azərbaycana mühazirə oxumaq həvəslərini cilovlaya bilmirlər. Azərbaycanın önə çıxmasını öz ölkələrinin daxilindəki nöqsanların üzə çıxmasına nədən olacağından qorxaraq Azərbaycandakı irəliləyişləri önləməyə mənasız cəhdlər edirlər. Əlbəttə, bacarmırlar, bacarmayacaqlar da, çünki öz gözlərində tiri görməyib, qonşunun gözündə tük axtarırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: