Fransa hökumətinin təhsil sahəsində güzəştlərinə baxmayaraq, şagirdlər etirazları davam etdirəcəklər. Hərəkatın liderləri oktyabrın 31-də və noyabrın 5-də yeni aksiyalar keçiriləcəyini bildiriblər.
Globalinfo.az BBC-yə istinadən xəbər verir ki, hökumət universitetlərə qəbul sisteminin dəyişdirilməsi, ali məktəblərdə 15 min yeni yerin yaradılması, siniflərdə şagird sayının 28 nəfərlə məhdudlaşdırılması və məktəb binalarının təmiri üçün 4 milyard avro güzəştli kredit ayrılması barədə vədlər verib.
Lakin etirazçılar bu addımları narazılığı aradan qaldırmaq üçün yetərli hesab etmirlər. Fransada sentyabrda başlayan aksiyalarda siniflərdə sıxlıq, məktəb binalarının vəziyyəti, yaşayış xərclərinin və yanacağın bahalaşması ilə bağlı tələblər səsləndirilir.
Prezident Emmanuel Makron qarşıdakı günlərdə yeni iğtişaşların baş verə biləcəyini istisna etməyib. Hökumət isə ölkənin ağır maliyyə vəziyyətinin əlavə güzəştlər imkanlarını məhdudlaşdırdığını bildirir.
Əliyar Xəlil