Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Azərbaycana səfəri ətrafında müzakirələr davam edir. Səfər çərçivəsində o, əvvəlcə Prezident İlham Əliyevlə, daha sonra isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Azərbaycan-Hindistan münasibətlərində yeni diplomatik təmaslar regionda siyasi gündəmi dəyişə biləcək proses kimi diqqət çəkir.
Bakı ilə Dehli arasında münasibətlərin normallaşması istiqamətində real addımlar atılırmı? Azərbaycanın Hindistanla mümkün yaxınlaşması Pakistanla strateji tərəfdaşlığına necə təsir edəcək?
Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Azərbaycanın Hindistanla diplomatik təmaslarını genişləndirməsi və rəsmi Dehli ilə gərginliyi nisbətən yumşaltmaq istiqamətində atdığı addımlar xarici siyasətin strateji kursunun dəyişməsi deyil, ölkəmizin suveren, çoxvektorlu və praqmatik diplomatik doktrinasının məntiqi təzahürüdür:
“İkinci Qarabağ müharibəsindən sonra Hindistanın Ermənistanı intensiv şəkildə silahlandırması və İrəvan-Dehli-Afina oxunun formalaşması Bakı ilə Dehli arasında ciddi soyuqluq yaratmışdı. Lakin son dövrlər, xüsusilə xarici işlər nazirləri səviyyəsində keçirilən rəsmi görüşlər və qarşılıqlı təmaslar göstərir ki, hər iki tərəf münasibətlərdəki kəskin ideoloji və hərbi-siyasi qarşıdurmanı iqtisadi-logistik praqmatizmlə əvəzləməyə meyillidir. Bu prosesi “isti münasibətlər”dən ziyadə, münasibətlərin normallaşdırılması və funksional tərəfdaşlıq mərhələsi kimi qiymətləndirmək hüquqi və siyasi baxımdan daha dəqiqdir. Azərbaycanın geostrateji mövqeyi, xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Koridorunun əsas halqası olması Hindistan üçün Mərkəzi Asiya, Rusiya və Avropa bazarlarına çıxış baxımından əvəzsiz marşrutdur. Dehli yaxşı anlayır ki, Cənubi Qafqazda güclənən Azərbaycan reallığını nəzərə almadan regionda səmərəli geoiqtisadi layihələr həyata keçirmək mümkün deyil. Azərbaycan üçün isə Hindistan iri iqtisadiyyat, mühüm ticarət tərəfdaşı və karbohidrogen resurslarının potensial alıcısı kimi vacibdir.
Eyni zamanda bu diplomatik manevrlər Azərbaycan-Ermənistan sülh prosesində Bakının mövqeyini möhkəmləndirir. Hindistanla birbaşa dialoqun qurulması Dehlinin Ermənistana birtərəfli və kütləvi hərbi dəstək verməsini neytrallaşdırmaq, yaxud ən azı bu dəstəyi balansı pozmayacaq çərçivədə saxlamaq üçün mühüm xarici siyasət alətidir”.
Deputat bildirib ki, Pakistanın bu diplomatik təmaslara mənfi reaksiya verməsi və ya narahatlıq ifadə etməsi gözlənilmir:
“Bunun bir neçə təkzibedilməz siyasi-hüquqi və strateji səbəbi vardır. İlk növbədə, strateji müttəfiqlik və konfidensial etimad, yəni Azərbaycan ilə Pakistan arasında münasibətlər adi diplomatik əlaqələr deyil, bəyannamələr və müqavilələrlə təsbit olunmuş strateji müttəfiqlik səviyyəsindədir. Pakistan İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ən ardıcıl və şərtsiz dəstək verən dövlətlərdəndir. Bakı və İslamabad hərbi, hərbi-texniki, kəşfiyyat və təhlükəsizlik sahələrində ən yüksək səviyyəli koordinasiyaya malikdir. Azərbaycanın Hindistanla iqtisadi və ya tranzit dialoqu yürütməsi Pakistanla olan bu strateji hərbi-siyasi sütunlara xələl gətirmir və gətirə də bilməz.

Bəhruz Məhərrəmov
Həmçinin suveren xarici siyasət və “kompartmentalizasiya” prinsipi. Beynəlxalq hüququn suveren bərabərlik prinsipinə uyğun olaraq, həm Azərbaycan, həm də Pakistan tam müstəqil xarici siyasət yürütmək hüququna malikdirlər. Oxşar model Pakistanın xarici siyasətində də var, Pakistanın Çinlə yaxın strateji müttəfiqliyi onun digər güclərlə münasibətlərinə mane olmadığı kimi, Azərbaycanın da öz milli maraqları çərçivəsində Hindistanla iqtisadi təmaslar qurması İslamabad tərəfindən anlayışla qarşılanır. Diplomatik təcrübədə dövlətlər iqtisadi-tranzit maraqları ilə ideoloji-təhlükəsizlik məsələlərini bir-birindən ayırmağı bacarırlar.
Bundan başqa, Azərbaycan indiyə qədər bütün beynəlxalq platformalarda Kəşmir məsələsində beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Pakistanın ədalətli mövqeyini müdafiə edib və bu siyasət dəyişməz olaraq qalır. Dehli ilə dialoqun bərpa edilməsi Azərbaycanın bu prinsipial dəstəyini zəiflətmədiyi üçün Pakistan tərəfində hər hansı siyasi qısqanclıq və ya təzyiq mexanizmi yaratmır”.
B.Məhərrəmovun sözlərinə görə, Pakistan rəhbərliyi Bakının regionun əsas logistik və nəqliyyat habı olduğunu yaxşı dərk edir:
“Hindistanın Şimal-Cənub koridoru çərçivəsində Azərbaycan ərazisindən istifadə etməsi Azərbaycanın geoiqtisadi çəkisini və beynəlxalq nüfuzunu artırır. Güclü və geoiqtisadi imkanları geniş olan Azərbaycanla əlaqələrin dərinləşməsi isə Pakistanın Cənubi Qafqaz və Mərkəzi Asiyadakı strateji maraqlarına birbaşa töhfə verir.
Yəni Azərbaycan-Hindistan münasibətlərindəki mövcud dinamika Bakının heç bir strateji tərəfdaşının maraqlarına zidd deyil. Bu, Azərbaycanın Ermənistanı geoiqtisadi baxımdan tam təcrid etmək, Cənubi Qafqazda özünün şərtlərinə dayanan sülh arxitekturasını diktə etmək və xarici siyasətdə riskləri şaxələndirmək strategiyasının tərkib hissəsidir. Pakistanla mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətləri isə sarsılmazdır və Dehli ilə qurulan praqmatik təmaslar bu ittifaqa heç bir kölgə sala bilməz”.
Turan Rzayev
Globalinfo.az