Serbiya Prezidenti Aleksandr Vuçiç vəzifəsindən istefa verdikdən sonra partiyasının seçkilərdə qalib gəlməsi ilə baş nazirliyə namizəd olacağını açıqlamışdı. Lakin Vuçiçin partiyası məğlub oldu və serb xalqı bunu böyük coşğu ilə qarşıladı.
Vuçiç Bakı ilə münasibətləri kifayət qədər yaxın olan bir lider kimi tanınırdı.
Bundan sonra Bakı-Belqrad münasibətləri necə olacaq? Vuçiçin gedişi nəyisə dəyişəcəkmi?
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Vuçiçin siyasi səhnədən çəkilməsi Azərbaycan–Serbiya münasibətlərində avtomatik olaraq dönüş nöqtəsi demək deyil:
“Bəli, Vuçiç Bakı ilə yaxın və etimada əsaslanan münasibətlərin qurulmasında mühüm rol oynamış lider sayıla bilər. Ancaq iki ölkə arasındakı əməkdaşlıq artıq şəxsi təmasların hüdudunu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan və Serbiya arasında 2013-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə, 2018-ci ilin Birgə Fəaliyyət Planı və Strateji Tərəfdaşlıq Şurası münasibətlərin institusional əsasını yaradır. Bu çərçivə siyasi dəyişikliklərdən asılı olmayaraq əməkdaşlığın davamlılığı üçün vacib təminatdır.

Elçin Mirzəbəyli
Bakı üçün prioritet Serbiyanın daxili siyasi mübarizəsində tərəf seçmək deyil, yeni hakimiyyətlə erkən və praqmatik dialoq qurmaqdır. Azərbaycanın Serbiyanın enerji təhlükəsizliyində artan rolu, qaz tədarükü, SOCAR-ın iştirak etdiyi enerji layihələri, ticarət və infrastruktur əməkdaşlığı Belqrad üçün də konkret iqtisadi məna daşıyır. Xüsusilə Nişdə planlaşdırılan enerji layihəsi tərəfdaşlığın artıq sadəcə siyasi bəyanatlardan ibarət olmadığını göstərir.
Yeni hökumətin ilk mərhələdə diqqətini daxili islahatlara və dövlət institutlarının yenilənməsinə yönəltməsi mümkündür. Bu, bəzi qərarların və layihələrin icrasında müvəqqəti ləngimə yarada bilər. Lakin münasibətlərin əsas istiqamətinin dəyişməsi üçün ciddi əsas görünmür. Serbiya enerji mənbələrini şaxələndirməkdə, Azərbaycan isə Avropadakı enerji və iqtisadi tərəfdaşlığını genişləndirməkdə maraqlıdır.
Vuçiçin gedişi münasibətlərin üslubunu dəyişə bilər, mahiyyətini yox”.
Turan Rzayev
Globalinfo.az