Xankəndidə təcili toplantı – Separatçılar deyiblər ki…

 

Paşinyanın dünən Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağın da buna aid olduğunu elan etməsi, Xankəndidəki separatçı rejimdə təşvişi artırıb.

Globalinfo.az xəbər verir ki, Paşinyanın bəyanatından sonra qondarma rejimin “parlamenti” gecə 23:00-da təcili iclas çağırıb. İclas zamanı Ermənistan hakimiyyətinə qarşı müxtəlif tənqidlər səsləndirilib. Belə ki, “deputat” Vaqram Balayan qondarma rejimi və Ermənistanın hazırkı, keçmiş liderlərini Paşinyanın çıxışını qınamağa çağırıb. Rusiyayönlü baxışları ilə seçilən “Ədalət Partiyasından” olan “deputat” Metakse Akopyan isə separatçı rejimin Nikol Paşinyana qarşı mübarizə aparacağını söyləyib. O, Qarabağı Azərbaycanın tərkibində görmək istəyən və ona çağırış edən hər kəsin xain olduğunu qeyd edib.

Daşnakların lideri Artur Mosiyan isə “parlamentdə” çıxışı zamanı Nikol Paşinyanın təkcə Qarabağ ermənilərini yox, bütün erməniləri aldatdığını bildirib. O, erməniləri Paşinyanı devirməyə çağırıb. Eyni çağırışı David Qalstyan da edib. Qalstyan əks təqdirdə Qarabağdakı rejimin tam məhv olacağını söyləyib.

Araik Arutyunyanın adından baş verənlərə münasibəti qardaşı Artur Arutyunyan bildirib. “Azad Vətən Partiyası”nın “deputatı” kimi çıxış edən Arutyunyan Qarabağın hesabına imzalanacaq sülhün güclü dayaqlarının olmayacağını söyləyib. Bundan sonra isə iclas başa çatıb və saxta “deputatlar” yekun bəyanat qəbul ediblər. Bəyanata qarşı heç kim səs verməyib. Sənəddə Ermənistanın Qarabağı Azərbaycanın tərkibində görməsinin qanunazidd olduğu vurğulanıb. Bununla bərabər Paşinyanın istənilən bəyanatının onlar üçün qəbuledilməz olacağı qeyd edilib.

Lakin maraqlı məqam sənəddə həmçinin erməni liderlərin Paşinyanın açıqlamasını qınamalarını tələb edilməsi olub. Buna ilk olaraq qondarma rejimin keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan reaksiya verərək, Paşinyanı tənqid edən açıqlama səsləndiriblər.

Ermənistandakı müxalifət liderləri isə mövcud bəyanatı tənqid ediblər. Xüsusilə Serj Sərkisyan ondan belə tələbin irəli sürülməsinin anlaşılmaz olduğunu deyərək, hər gün öz tənqidini səsləndirdiyini bildirib.
Ən maraqlı məqam budur ki, təcili iclasla yanaşı Ruben Vardanyan da Paşinyana qarşı fəaliyyətini artırıb. Dünən Rusiyanın “Dojd” televiziyasına açıqlama verən Vardanyan Paşinyanı tənqid edərək, onun bəyanatının qəbuledilməz olduğunu söyləyib.

İlkin Həsənov
Globalinfo.az