2025-ci ildə Azərbaycanda 99 min gənc işsiz olub. Onların 62,6 min nəfəri tam orta təhsillidir. Bu göstərici gənclərin iş tapmaqda üzləşdiyi çətinlikləri və insan kapitalından nə dərəcədə səmərəli istifadə olunduğunu gündəmə gətirir.
Gənclərin işsiz qalmasına səbəb nədir? Problemi aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidi?
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, qeydə alınan göstərici kifayət qədər mühüm statistikadır:
“Bu məsələdə bir çox amillərin rolu var. 99 min böyük rəqəmdir və buna yalnız iqtisadi göstərici kimi baxmaq düzgün deyil. İşsizliyin qarşısını almaq üçün hansı addımların atılmalı, hansı istiqamətlərdə tədbirlərin görülməli olduğu barədə düşünməliyik. Bu gün gənclər daha çox Bakıya üz tutmağa və burada inkişaf etməyə çalışırlar. İş axtarışı baxımından da əsas fəallığın paytaxtda müşahidə olunduğunun şahidiyik. Amma bu, düzgün inkişaf modeli sayılmır. Hesab edirəm ki, gənclərin düzgün istiqamətləndirilməsi, peşə təhsilinə yönləndirilməsi, əlavə bilik və bacarıqlara yiyələnməsi, öz üzərlərində işləməsi və inkişaf etməsi olduqca vacibdir”.
Ceyhun Məmmədov
Deputat bildirib ki, gənclər bəzən ali təhsil alsalar da, bitirdikləri ixtisas üzrə iş tapmaqda çətinlik çəkirlər:
“Eyni zamanda, iqtisadiyyatın bəzi sahələrində ixtisaslı mütəxəssislərə tələbat var, lakin gənclərin bu sahələrə yönəlməsi kifayət qədər deyil. Bu isə göstərir ki, problemin həlli yalnız yeni iş yerlərinin yaradılmasından deyil, əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasından da asılıdır. Məsələnin kökünə nəzər saldıqda, bu istiqamətdə görüləsi xeyli işin olduğunu düşünürəm. Gənclərin düzgün yönləndirilməsi, prosesin məqsədyönlü şəkildə aparılması, vaxtında tədbirlərin görülməsi və maarifləndirmə işinin gücləndirilməsi problemin həllində mühüm rol oynayır”.
Ləman İmran
Globalinfo.az