tramp baki scaled 1

ABŞ Prezidenti Donald Trampın administrasiyası vəzifəyə başladığı vaxtdan bəri 300 mindən çox vizanı ləğv edib. Bu rəqəmin artmaqda davam etdiyi bildirilib. Digər tərəfdən, ABŞ uzun illərdir azərbaycanlıların da işləmək, təhsil almaq və daha yaxşı həyat qurmaq üçün üz tutduğu ölkələrdən biridir. Lakin Tramp administrasiyasının yüz minlərlə vizanı ləğv etməsi Amerikaya getmək istəyənlər üçün yeni suallar yaradıb.

“Amerika arzusu” bitir? Trampın sərt viza siyasəti ABŞ-a üz tutan azərbaycanlılara da problem yarada bilərmi?

Globalinfo.az-a danışan SKAL Bakı Turizm Peşəkarları Təşkilatının (SKAL International Baku) sədri Ceyhun Aşurov deyib ki, bununla bağlı müxtəlif müzakirələr aparılır:

“Tramp hakimiyyətə gəldiyi vaxtdan etibarən “Green Card”la bağlı da müəyyən qərarlar qəbul edib. O, daha çox ABŞ-da təhsil alan, çalışan və qanuni əsaslarla uzun müddət yaşayan insanların ölkədə qalmasını asanlaşdıran addımlar atır. Bununla yanaşı, xüsusilə dünyanın hazırkı qarışıq vəziyyətində ölkəyə ilk dəfə gəlmək istəyənlərə münasibətdə immiqrasiyanı məhdudlaşdıran tədbirlər həyata keçirib. Əlbəttə, bu, konkret olaraq Azərbaycana qarşı yönəlmiş addım deyil. Lakin ümumi siyasətin nəticəsi olaraq Azərbaycandan ABŞ-a gedənlərin sayına da müəyyən təsir göstərir. Bununla belə, təhsil almaq məqsədilə ABŞ-a getmək istəyənlər üçün ciddi əngəllərin olduğunu düşünmürəm. İstənilən halda, Tramp administrasiyası immiqrasiya məqsədilə ABŞ-a getmək istəyənlərin sayını müəyyən dərəcədə məhdudlaşdırmış oldu”.

ceyhun asurov 900x600 1

Ceyhun Aşurov

Ekspert bildirib ki, burda əsas məsələlərdən biri “Green Card”la bağlı qərarlardır:

“Çünki dünyanın müxtəlif ölkələrindən insanlar hər il bu proqram vasitəsilə ABŞ-a gedir və orada yeni həyat qurmağa çalışırdılar. Lakin bu qərarlar dünyada baş verən hadisələr, müharibələr, terror aktları, iqtisadi və siyasi gərginliklərlə yanaşı, Trampın özünün irəli sürdüyü siyasətlə də əlaqədardır. “Amerikanı yenidən möhtəşəm edək” şüarı altında həyata keçirilən bu siyasət daha çox amerikalıların maraqlarını qorumağa yönəlib və müəyyən mənada konservativ xarakter daşıyır.

Bütün bu addımlar ölkənin daxili bazarını qorumaq və ABŞ-a gələn immiqrantların sayını azaltmaq məqsədi daşıyır. Gələcəkdə bu məsələlərdə dəyişikliklər baş verə bilər. Hazırkı şəraitdə əvvəlki illərlə müqayisədə ABŞ-a gedənlərin, o cümlədən Azərbaycandan bu məqsədlə yola düşənlərin sayında müəyyən azalma müşahidə olunur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: