1536x864 cmsv2 9eb70947 3523 5dc0 8cdc 5636ce9315dd 6508852

ABŞ administrasiyası ölkədə yaşayan təxminən 100 min ukraynalının müvəqqəti qorunan statusunun (TPS) uzadılmaması məsələsini nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Belə ki, ABŞ hakimiyyəti ukraynalılar üçün tətbiq olunan statusun müddətinin uzadılması və ya dayandırılması ilə bağlı qərarı oktyabrın 19-dək verməlidir.

Statusun uzadılmaması halında həmin şəxslərin ABŞ-ı tərk etməsi tələb oluna bilər. Lakin nəşrin mənbələri administrasiyanın alternativ variant üzərində də düşündüyünü bildirir. Buna əsasən, status rəsmi şəkildə ləğv edilmədən onun müddətinin başa çatmasına icazə verilə bilər. Bu halda status avtomatik olaraq daha 6 ay uzadılacaq.

“Politico” qeyd edir ki, ABŞ hakimiyyəti oxşar yanaşmadan daha əvvəl Salvador vətəndaşları ilə bağlı da istifadə edib. Belə vəziyyət ukraynalıları hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdə qoya bilər. Onlar ölkədə qalmaq imkanını saxlasalar da, işləmək və təhsil almaq hüquqları ilə bağlı qeyri-müəyyənlik yarana bilər.

Nəşrin fikrincə, belə bir qərar administrasiyaya bir tərəfdən kütləvi deportasiyadan yayınmağa, digər tərəfdən isə sərt immiqrasiya siyasətinin tərəfdarlarının tələblərini nəzərə almağa imkan verə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: