Tramp iran rat

“İran nüvə silahı planlarından praktiki olaraq imtina edib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdən çıxarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

O həmçinin, təfərrüatları açıqlamadan İranla bağlı qərar verməli olduğunu söyləyib.

ABŞ Prezidenti İranın vəziyyətini qiymətləndirərək ölkənin “məğlub olduğunu” bildirib.

Trampın sözlərinə görə, hazırda əsas məsələ İranla bağlı növbəti qərarın necə olacağıdır.

Qeyd edək ki, Trampın son açıqlaması ABŞ-İran qarşıdurmasının davam etdiyi bir vaxtda səslənib. ABŞ Prezidenti bundan əvvəl də İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini dəfələrlə bəyan edib. Ağ Ev də İranın nüvə proqramının ABŞ-ın əsas prioritetlərindən biri olduğunu açıqlayıb.

Bununla yanaşı, Tehran nüvə silahı hazırlamaq niyyətində olduğunu rədd edir. İran Prezidenti Məsud Pezeşkian sonuncu dəfə BMT Baş Assambleyası çərçivəsində çıxışında ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını bildirib. Tehran nüvə proqramının dinc məqsədli olduğunu və zənginləşdirilmiş uranın beynəlxalq nəzarət altında seyreltilməsinə hazır olduğunu açıqlayıb.

Trampın son açıqlaması isə Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı vəziyyəti öz məqsədləri baxımından dəyişmiş hesab etdiyini göstərir. Bununla belə, ABŞ Prezidenti İranla bağlı yeni qərarın nədən ibarət olacağını açıqlamayıb.

Xatırladaq ki, Tramp oktyabrın əvvəlində İranla bağlı hərbi əməliyyatların yenidən genişləndirilməsinin mümkün olduğunu da bildirmişdi.

O, Tehranla bağlı qərar verməli olduğunu və qarşısında “asan və ya çətin yol” seçimlərinin olduğunu deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: