Gemini Generated Image yrvynuyrvynuyrvy

Erməni əsilli bloger Olqa Tamazyanın Azərbaycana səfəri və Bakı ilə bağlı müsbət təəssüratlar paylaşması maraqla qarşılanıb. Məlumata görə, bloger hətta metroda İTV-yə müsahibə də verib.

Maraqlıdır, azərbaycanlı blogerlər də İrəvana, Dilicana və Ermənistanın digər ərazilərinə səfər edə biləcəklərmi? Blogerlərin azərbaycanlı olması onlar üçün hər hansı təhdid formalaşdırarmı?

Globalinfo.az-a danışan ermənişünas alim Qafar Çaxmaqlı deyib ki, Azərbaycandan Ermənistana bloger və ya jurnalist səfəri olmayıb:

“Amma Türkiyədən gedən blogerlərin videolarına baxmışam. Münasibət fərqli deyil. Onlara sərt yanaşanlar da olur, tolerantlıq nümayiş etdirənlər də. Erməni cəmiyyətinin Türkiyəyə və Azərbaycana münasibətini bu videolarda açıq görmək olur. Əgər bir gün azərbaycanlı İrəvana, Göyçəyə, yaxud başqa bir yerə getsə, yanaşmanın daha fərqli olacağını düşünmürəm.

Bizim Amasiyadan olan Rusiya vətəndaşları qış aylarında gedib çəkilişlər etmişdilər. Bütün Ermənistan həmin görüntülərdən danışırdı. Deyirdilər ki, budur, azərbaycanlılar artıq gəliblər, arxalarınca yüz minlərlə azərbaycanlı da gələcək və Bakının “Qərbi Azərbaycana qayıdış” ideyası gerçəkləşəcək. Ermənistanda belə bir qorxu var.

qafar
Qafar Çaxmaqlı

Son günlər BMT tribunasından Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun çıxışında Qərbi Azərbaycana qayıdış məsələsinin vurğulanması da Ermənistanda narahatlıq yaradıb. Hər hansı şəxsin blogerlik və ya jurnalistlik fəaliyyətinə də bu prizmadan baxılır. Belə qənaətə gəlmək olar ki, Ermənistana gedən şəxsin təhlükə və təhdidlərlə üzləşməsi mümkündür.

Ermənistan hələ də revanşizm və şovinizm ruhundan xilas olmayıb. Gələcəkdə imzalanacaq sülh sazişi də bu ruhu uzun müddətə dəyişdirməyə kifayət etməyəcək. Çünki bu ölkədə təməli yüz illər öncə qoyulmuş irqçi ideologiya davam etdirilir. Onun bir ayağı Ermənistanda, digər ayağı isə daşnakların nəzarətində olan diasporadadır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: