hava 1

Polşada iki hava limanı ölkə ordusunun tələbi ilə uçuşların qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Ukrayna–Polşa sərhədinə yaxın yerləşən Jeşuv və Lyublin hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyət tətbiq edilib.

“Hazırda hər iki hava limanı normal rejimdə fəaliyyətini bərpa edib. Məhdudiyyətlərin hansı səbəbdən tətbiq edildiyi açıqlanmayıb”, – deyə əlavə edilib.

Sentyabrın 30-da səhər saatlarında Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sosial şəbəkələrdə ölkənin hərbi təyyarələrinin havaya qaldırıldığını bildirib. Bu addım Rusiyanın Ukraynadakı hərəkətləri ilə əlaqələndirilib və aviasiyanın Polşanın təhlükəsizliyini təmin etmək məqsədilə preventiv tədbir kimi cəlb edildiyi qeyd olunub.

Ötən həftə Polşa Rusiyanı Kalininqrad vilayəti istiqamətindən ölkənin hava məkanını pozmaqda ittiham edib. Varşavanın iddiasına görə, Branevo şəhərinin şimalında Rusiya hərbi qüvvələrinə məxsus Mi-8 helikopterinin Polşa hava məkanına qısamüddətli daxil olması qeydə alınıb. Bildirilib ki, helikopter Polşanın hava məkanında 42 saniyə qalıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: