ankara baki kollaj scaled 1

Son günlər sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentində qarşılıqlı ittihamlar fonunda gərginlik müşahidə edilir. Xüsusilə BMT Baş Assambleyasının 81-ci iclasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsinə qarşı Türkiyənin sosial şəbəkə seqmentində kampaniya başlanıb.

Bütün bunlar iki qardaş ölkənin münasibətlərinə təsir edə biləcək informasiya kampaniyası kimi qiymətləndirilir.

Bəs bu iddiaların arxasında kimlər dayanır? Kampaniya həqiqətən vahid mərkəzdən idarə olunurmu? Rəsmi Ankara bu proseslə bağlı hansı mövqedədir?

Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsaməddin İnaç deyib ki, Azərbaycan dost və qardaş ölkə olaraq özünün müstəqilliyinə və azad xarici siyasətinə malikdir:

“Bizdə və Türkiyənin böyük çoxluğunda, xüsusilə də intellektual kəsimdə Azərbaycanın İsraillə münasibətlərini normal qarşılayırıq. Çünki Azərbaycan yerləşdiyi coğrafiya etibarilə İranı balanslaşdırmalıdır. Neft qarşılığında silah alır. Lakin yenə deyirəm, hər şey bir yana, Azərbaycan müstəqil dövlətdir və xarici siyasətində müstəqil qərarlar vermək iqtidarındadır.

husamettin inanc
Hüsamettin İnaç

Lakin BMT Baş Assambleyasının 81-ci iclasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi türk millətini dərindən sarsıdıb və üzüb. Hətta deyərdim ki, təəccüb yaradıb. Çünki təsəvvür edin, dünyanın hazırda ən böyük zülmünü edən bir şəxs danışır, əksər iştirakçılar isə zalı tərk edir.

Mən hər zaman bu kimi məsələlərdə emosiyalardan uzaq, maksimum praqmatik yanaşma sərgiləyirəm. Lakin bu mövzuda mən də düşünürəm ki, doğru olan nümayəndənin salonu tərk etməsi idi”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, bu qədər ortaq toplantılara, konfranslara, seminarlara rəğmən, Türkiyə ilə Azərbaycan arasında koordinasiyanın zəif olduğu görünür, bəzi mövzularda bir-birimizi anlamaqda çətinlik çəkirik:

“Halbuki ən ağrılı mövzular belə açıq şəkildə müzakirə edilməli, mövqelər aydınlaşmalıdır. Türkiyədə keçirilən sorğuda respondentlərin 56,5 faizinin Azərbaycanı Türkiyənin dostu hesab etməsinə baxmayaraq, 24,9 faizinin Azərbaycanı düşmən ölkə kimi qiymətləndirməsi düşündürücüdür. Bu vəziyyət ancaq düşmənlərimizin maraqlarına xidmət edir.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Sosial şəbəkələrdə ifrata varmaqdansa, bir-birimizi daha yaxşı anlamaq baxımından fikir ayrılığı yaradan mövzuların açıq və qapalı toplantılarda müzakirəsinə ehtiyac var. Bu haqda hər iki ölkənin rəsmiləri, diplomatları və ictimai xadimləri düşünməlidirlər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: