ermenii

“44 günlük Vətən müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna yer tutan, regionun geostrateji mənzərəsini köklü şəkildə dəyişdirən və beynəlxalq hüququn aliliyini bərpa edən tarixi bir dönüş nöqtəsidir”.

Bunu Globalinfo.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları başlayıb:

“Bu proses – “Dəmir Yumruq” hərbi-siyasi strategiyası – yalnız hərbi gücün yox, eləcə də dövlət rəhbərliyinin diplomatik, siyasi və hüquqi müstəvidə nümayiş etdirdiyi dəmir iradənin parlaq təzahürü idi. Müharibənin ilk saatlarından etibarən Azərbaycan Silahlı Qüvvələri düşmənin otuz ilə yaxın müddətdə qurduğu mürəkkəb mühəndis-istehkam xətlərini və keçilməz hesab edilən müdafiə sədlərini yüksək dəqiqliklə darmadağın edərək hərb elmində yeni səhifə açdı. Relyefin həddindən artıq mürəkkəbliyinə, düşmənin strateji yüksəkliklərdə mövqelənməsinə baxmayaraq, ordumuz strateji istiqamətləri tutmaqla, habelə düşmənin artilleriya mövqelərini və hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq təşəbbüsü tamamilə öz əlinə aldı. Beşinci nəsil müharibə standartlarına uyğun olaraq müasir pilotuz uçuş aparatlarının tətbiqi ilə yanaşı, əsgər və zabitlərimizin nümayiş etdirdiyi misilsiz fədakarlıq, şəxsi şücaət və vətənpərvərlik düşmənin hərbi-psixoloji dayanıqlılığını qısa müddətdə sarsıtdı. Döyüşlərin ilk günlərində Cəbrayıl və Füzuli istiqamətində, o cümlədən Murovdağ silsiləsindəki strateji yüksəkliklərin, Suqovuşanın azad edilməsi ordunun döyüş ruhunu zirvəyə qaldırmaqla yanaşı, cəbhə boyu hərbi üstünlüyü birdəfəlik təmin etdi”.

behruz meherremov 13 900x600 1

Bəhruz Məhərrəmov

Deputat qeyd edib ki, Vətən müharibəsində əldə olunan tarixi zəfərin əsas memarı olan Ali Baş Komandan, Prezident İlham Əliyevin nümayiş etdirdiyi analitik və prinsipial mövqe hərbi qələbəni siyasi-hüquqi müstəvidə tamamlamaqla beynəlxalq münasibətlər sistemində unikal presedent yaradıb:

“Dövlət başçısı müharibənin ilk günündən etibarən Azərbaycanın hərbi əməliyyatlarının tamamilə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun həyata keçirildiyini və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına yönəldiyini bəyan edərək, əməliyyatların legitimliyinə heç bir kölgə düşməsinə imkan verməyib. Dünyanın aparıcı media kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə İlham Əliyev dərin hüquqi məntiq, təkzibedilməz tarixi faktlar və polad kimi möhkəm arqumentasiya ilə erməni dezinformasiya maşınını darmadağın edib, Azərbaycanın haqlı mövqeyini qlobal ictimaiyyətə çatdırıb.

Bəzi böyük dövlətlərin və beynəlxalq təşkilatların müharibənin gedişində Azərbaycanı dayandırmaq, atəşkəs tətbiq etməklə status-kvonu saxlamağa yönəlmiş güclü siyasi və diplomatik təzyiqlərinə baxmayaraq, Prezident İlham Əliyev yalnız bir şərtlə – Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması üzrə dəqiq cədvəlin təqdim edilməsi ilə – hərbi əməliyyatların dayandırıla biləcəyini qətiyyətlə bildirib və bu prinsiplərdən bir addım da geri çəkilməyib. Şanlı Ordumuzun ilk günlərdən nümayiş etdirdiyi yüksək döyüş rəşadəti və Prezident İlham Əliyevin dəmir siyasi iradəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin yeni arxitekturasını müəyyənləşdirib, bu zəfər milli dövlətçilik şüurumuzun, xalq-ordu-lider birliyinin dövlətçilik tariximizdə müstəsna səhifəsini formalaşdırıb”.

Ləman İmran
Globalinfo.az

Paylaş: