
“Rusiyanın ötən gecə Ukraynaya, o cümlədən Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşı da var”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, Kiyevə hücumlar nəticəsində iki nəfər həyatını itirib.
Həlak olanlardan birinin Azərbaycan vətəndaşı olduğu bildirilib. Ukrayna Prezidenti ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.
Onun məlumatına görə, gecə saatlarında həyata keçirilən hücumlar ölkənin bir neçə regionunu əhatə edib. Xarkovda çoxmərtəbəli yaşayış binası vurulub, nəticədə binanın ikinci və dördüncü mərtəbələri qismən dağılıb.
Kiyevdə PUA hücumları yaşayış binalarına və kommunikasiya infrastrukturuna ziyan vurub. Paytaxtda yanacaqdoldurma məntəqələri və kafe də zərər görüb, ərzaq bazarlarından birində isə yanğın baş verib.
Zelenski həmçinin Odessa vilayətində Palau bayrağı altında üzən gəmiyə zərbə endirildiyini, Jitomir vilayətində isə dondurma fabrikinin zədələndiyini bildirib.
Sumı, Rivne, Xarkov və Odessa vilayətlərində yaşayış binalarının, Vinnitsa, Dnepr, Xmelnitski və Zaporojye vilayətlərində isə kritik infrastruktur obyektlərinin hücuma məruz qaldığı qeyd olunub.
Ümumilikdə hücumlar nəticəsində onlarla insanın yaralandığı bildirilir. Təkcə Xarkovda 28 nəfər xəsarət alıb ki, onların 9-u uşaqdır.
Zelenski Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi, enerji sektoruna dəstəyin davam etdirilməsi və büdcə kəsirinin maliyyələşdirilməsi üçün beynəlxalq yardıma ehtiyac olduğunu vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az