naziresas

2019-cu ilin fevralında Ermənistanın müdafiə naziri David Tonoyan Vaşinqtonda ölkəsinin hərbi strategiyasında dəyişiklik etdiyini açıqlayaraq, müdafiədən hücuma keçdiklərini bildirmişdi. O, “yeni müharibə, yeni ərazilər” formulunu irəli sürmüşdü. Bu bəyanat Ermənistanın Azərbaycan ərazilərinə dair iddialarının və yeni hərbi planlarının davam etdiyini göstərirdi.

Bu açıqlama Ermənistanın Azərbaycanla bağlı niyyətləri və sonrakı proseslər barədə hansı mesajları verirdi?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Tonoyanın “yeni müharibə, yeni ərazilər” bəyanatı Ermənistanın Azərbaycana qarşı açıq təhdidi və ərazi iddialarının göstəricisi kimi qiymətləndirilirdi:

“Həmin dövrdə Ermənistan hakimiyyəti cəmiyyəti yeni müharibəyə hazırlayır, “tarixi” iddialarını davam etdirirdi. Baş nazirin o vaxt Qarabağda mövcud olmuş separatçı rejimi təbrik etməsi, oradakı “seçkiləri” dəstəkləməsi və Qarabağın Ermənistan olduğunu iddia etməsi də bu siyasətin tərkib hissəsi idi”.

edalet 1681289097

Ədalət Verdiyev

Ekspert qeyd edib ki, Ermənistanın istər Tovuz döyüşlərində, istərsə də ondan əvvəl təxribatlar törətməsi işğal siyasətinin növbəti nümunəsi idi:

“Bütün bu təxribatçı addımların nəticəsi Ermənistan üçün ağır oldu. Proseslərin sonunda Azərbaycan qalib dövlətə, Ermənistan isə məğlubiyyət və fərariliklə üzləşən ölkəyə çevrildi. Yekunda ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edildi”.

Qeyd edək ki, David Tonoyan barəsində cinayət işi var. O, 44 günlük müharibə dövründə müdafiə naziri olarkən silah-sursat alınması ilə bağlı iş üzrə təqsirləndirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: