WhatsApp Image 2026 02 10 at 10.40.18 1

Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə iki mühüm müqavilənin imzalanacağını açıqlayıb.

Onun sözlərinə görə, bu gün “Abşeron” yatağının II mərhələsinin işlənməsi üzrə müqavilə imzalanacaq ki, bu da 3-4 ildən sonra Azərbaycanda qaz hasilatını daha 5 milyard kubmetr artıracaq.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, dünyada yaşanan geosiyasi ambisiyalar dünyanı daha çox militarizə edib və müharibələr baş verir:

“Hazırkı vəziyyətdə təqribən İkinci Dünya müharibəsindən sonra formalaşan, 80-100 ilə yaxındır davam edən iqtisadi münasibətlər sistemi də baş verən müharibələr nəticəsində pozulub. Etimad mühiti azalıb, tərəfdaşlıq imkanlarının coğrafiyası məhdudlaşdırılıb.

Ona görə də gələcək dünya nizamı üçün ilk növbədə dövlətlər arasında əməkdaşlıq və etimad mühitinin gücləndirilməsinə ehtiyac var. Düşünürəm ki, dünyanın hazırda ən aktual problemlərindən biri budur.

hikmet babaoglu 900x615 2
Hikmət Babaoğlu

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hər il daha çox tərəfdaş cəlb edir, bu forumda iştirak etmək istəyənlərin sayı artır. Forumun builki gündəliyi də maraqlıdır. Söhbət “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusundan gedir. Bu, investisiyaların sağlam mühiti və axını baxımından nə qədər vacibdirsə, Qafqazın qlobal bağlantılarda, investisiyalarda diqqət çəkməsi də bir o qədər əhəmiyyətlidir.

Son 200 ildə Rusiya Qafqazın əməkdaşlıq, inteqrasiya və bağlantı funksiyalarını inhisara götürmüşdü. Nəhayət, 2023-cü ildən sonra Azərbaycan bu reallığı dəyişdi. Bu gün Cənubi Qafqaz Trans-Xəzər məsələsində də buna görə reallaşması mümkün olan bir potensiala çevrilib.

Azərbaycanın Xəzərdəki ehtiyatlarının Avropa bazarına çıxarılması çox mühüm prioritetdir. Azərbaycan Prezidenti “Exxon” şirkəti ilə əməkdaşlığın mümkünlüyünü qeyd etdi.

Dərin təhlil etdikdə bütün bunlar Azərbaycanın yaratdığı reallıqlarla əlaqəlidir. Bu isə regionda daha böyük töhfələr veriləcəyini göstərir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: