Laçın yolu ətrafında baş verənlər Qarabağ münaqişəsinin son mərhələsində humanitar məsələlərlə təhlükəsizlik reallıqları arasındakı ziddiyyətin nə qədər kəskin xarakter aldığını göstərən əsas nümunələrdən biri idi.
Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin təmin edilməsi istiqamətində humanitar məqsədlər üçün istifadə olunması nəzərdə tutulan bu marşrutun hərbi məqsədlərlə istifadəsi təhlükəsizlik baxımından Azərbaycanı narahat edirdi. Laçın yolu vasitəsilə Qarabağa mina daşınır, Azərbaycan ərazilərinə yerləşdirilirdi. Məsələn, 2022-ci ilin avqustunda Sarıbaba istiqamətində keçirilən əməliyyat zamanı hələ 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar aşkarlanmışdı.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Laçın yolu Qarabağda yaşayan erməni sakinlərin Ermənistanla əlaqəsini təmin edən humanitar kommunikasiya xətti kimi nəzərdə tutulmuşdu:
“Lakin sonrakı proseslər göstərdi ki, bu marşrutdan yalnız mülki-humanitar məqsədlər üçün deyil, hərbi-logistik fəaliyyətlər üçün də istifadə olunurdu. Rəsmi məlumatlara əsasən Laçın yolundan qeyri-qanuni silahlı birləşmələrin rotasiyası, silah-sursatın daşınması və Azərbaycan ərazilərinə minaların keçirilməsi ilə bağlı faktlar aşkarlanıb. Məsələnin ən ciddi tərəfi isə minaların istehsal tarixidir.
2022-ci ilin avqustunda Laçın rayonu ərazisində 1318 ədəd PMN-E tipli piyada əleyhinə mina aşkarlanıb. Azərbaycan Müdafiə Nazirliyi və ANAMA-nın məlumatına görə həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuşdu. Həmin ilin avqustundan etibarən ümumilikdə 2728 ədəd Ermənistan istehsalı mina aşkar edilərək zərərsizləşdirilib. Bu faktlar Azərbaycanın post-müharibə dövründə də yeni mina təhlükəsi ilə üzləşdiyini göstərir. Burada prinsipial məsələ ondan ibarətdir ki, söhbət 1990-cı illərin müharibəsindən qalmış minalardan deyil, Vətən müharibəsindən sonra istehsal edilmiş partlayıcı vasitələrdən gedirdi. Bu isə mina probleminin sadəcə keçmiş münaqişənin mirası olmadığını, postmüharibə təhlükəsizliyinə də birbaşa təsir göstərdiyini ortaya qoyur.
Azərbaycanın mövqeyi isə bu məsələdə aydın və konkret idi. Belə ki, humanitar əlaqələr təmin edilməli, lakin humanitar marşrut Azərbaycanın təhlükəsizliyinə qarşı istifadə olunmamalı idi. Çünki humanitar məqsədlər üçün nəzərdə tutulan yolun silah-sursat, hərbi heyət və mina daşınması üçün istifadə edilməsi onun mahiyyətinə zidd olmaqla yanaşı, Azərbaycanın suverenliyi üçün real təhlükə yaradırdı”.

Aytən Qurbanova
Politoloq bildirib ki, Ermənistanın mina fəaliyyətinin ən ağır nəticəsi insan həyatına və Böyük Qayıdış prosesinə vurduğu zərbədir:
“Mina təhlükəsi azad edilmiş ərazilərimizdə insanların təhlükəsiz şəkildə yaşamasına, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına və bərpa-quruculuq işlərinin sürətləndirilməsinə ciddi maneə yaradır. Ona görə də, Laçın yolu məsələsini yalnız humanitar müstəvidə təqdim etmək problemin mahiyyətini tam əks etdirmir. Azərbaycan humanitar əlaqəyə qarşı çıxmırdı, əksinə onun təhlükəsiz və təyinatına uyğun həyata keçirilməsini tələb edirdi. Əsas tələb isə sadə və prinsipial idi, yəni humanitar marşrut hərbi-logistik kanala, Azərbaycan əraziləri isə mina terrorunun hədəfinə çevrilməməlidir.
Azərbaycanın təhlükəsizlik tədbirləri də məhz bu reallıqdan irəli gəlirdi. Dövlətimizin başlıca vəzifəsi vətəndaşlarının həyatını qorumaq, ərazi bütövlüyü və suverenliyini təmin etmək, azad edilmiş torpaqlarda təhlükəsizliyi bərpa etməkdir. Mina təhlükəsinin davam etdirilməsi isə yalnız hərbi məsələ deyil, həm də sülhə, sabitliyə və Böyük Qayıdışa qarşı ciddi maneədir. Ona görə də, Ermənistanın postmüharibə dövründə Azərbaycan ərazilərində yeni minaların aşkarlanmasına səbəb olan fəaliyyətləri beynəlxalq səviyyədə diqqətdə saxlanmalı, mina xəritələrinin təqdim edilməsi və mina təhlükəsinin aradan qaldırılması regionda davamlı sülhün mühüm şərtlərindən biri kimi qiymətləndirilməlidir”.
Turan Rzayev
Globalinfo.az