Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi sentyabrın 17-də Danil Nuriyev barəsində çıxarılan hökmü sərtləşdirib. Terrorçu və ekstremistlər siyahısına daxil edilən Nuriyev əvvəllər üç il məcburi əməyə məhkum edilmişdisə, yeni qərarla ona ümumi rejimli müəssisədə 2 il 10 ay həbs cəzası verilib.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı Yekaterinburqun Kirov Rayon Məhkəməsinin əvvəlki hökmündən protest verib.
Xatırladaq ki, iyunun 25-də məhkəmə Nuriyevə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edib. O, ekstremist fəaliyyətə açıq çağırış, vandalizm və xuliqanlıq maddələri üzrə təqsirli bilinib. Cəza müəyyən edilərkən onun daha əvvəl Ufada oğurluq işi üzrə aldığı hökm də nəzərə alınıb. Yeni qərarda cinayətin milli nifrət və ya düşmənçilik motivi ilə törədilməsi ağırlaşdırıcı hal kimi çıxarılıb.
İttiham tərəfinin versiyasına görə, 1 iyul 2025-ci ildə Teleqram kanallarından birinin sahibi Danil Nuriyevlə əlaqə saxlayaraq ona pul müqabilində Yekaterinburqdakı binaların divarlarına Azərbaycan dilində qraffiti yazmağı təklif edib.
Nuriyev təkliflə razılaşıb və ertəsi gün şəhərdə təxminən 10 belə qraffiti çəkib. İstintaqın versiyasına görə, onun tanışı isə həmin vaxt ətrafı müşahidə edib. Lakin yazılarda səhvə yol verildiyi üçün ifadənin nəzərdə tutulan mənası itib.
Polis qısa müddətdə qraffitilərin müəllifini müəyyən edib. Daha sonra Danil Nuriyev təqsirini tam etiraf edib və iş üzrə digər şəxslərlə bağlı ifadə verib.
Qraffitilər Yekaterinburqda azərbaycanlıların kütləvi şəkildə saxlanılmasından sonra çəkilib. Həmin əməliyyatlar zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər.
Martın əvvəlində saxlanılan şəxslərdən bir qismi, o cümlədən Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski 2001 və 2010-cu illərdə törədilmiş qətl və qətlə cəhd işləri üzrə uzunmüddətli həbs cəzalarına məhkum edilib.