Çin lideri Si Cinpinin ABŞ-a qarşıdakı səfərinin statusu ilə bağlı Vaşinqton və Pekin arasında həftələrlə davam edən mübahisə bitib.
Globalinfo.az xəbər verir ki, tərəflər səfərin dövlət səfəri kimi qəbul edilməsinə razılaşıblar.
Bu barədə “The Wall Street Journal” (WSJ) görüşün hazırlanmasında iştirak edən şəxslərə istinadən məlumat yayıb.
Səfər çərçivəsində Si Cinpin Ağ Evdə rəsmi qarşılanacaq.
Proqrama hərbi ehtiram, 21 topdan yaylım atəşi və təntənəli dövlət ziyafəti daxildir.
Məlumata görə, Çin tərəfi Si Cinpinin qəbulunun ABŞ Prezidenti Donald Trampın may ayında Pekinə səfəri zamanı təşkil edilən mərasimlərlə eyni səviyyədə olmasını istəyib.
Pekin səfərin iki gün davam etməsində və dövlət ziyafətinin keçirilməsində israr edib.
“Danışıqlarda ABŞ və Çin arasında tariflər üzrə atəşkəsin uzadılması, ticarət, kritik əhəmiyyətli faydalı qazıntıların tədarükü və süni intellekt məsələlərinin müzakirə olunacağı gözlənilir.
Bundan başqa, Trampın Çindən İrana təzyiq göstərməsini istəyə biləcəyi bildirilir. Si Cinpinin isə Tayvan məsələsini və ABŞ-ın adaya silah tədarükünü gündəmə gətirəcəyi qeyd olunur”, – deyə nəşr yazıb.
Qeyd edək ki, Si Cinpinin ABŞ-a üçgünlük dövlət səfəri sentyabrın 23-də başlayır. Tramp Çin liderini Vaşinqton yaxınlığındakı Endryus aviabazasında şəxsən qarşılayacaq. Əsas danışıqlar sentyabrın 24-də keçiriləcək. Səfərin sonuncu günü Si Cinpin ABŞ Milli Arxivinə baş çəkəcək.
Xatırladaq ki, Tramp və Si Cinpin sonuncu dəfə mayın 14-15-də Pekində görüşüblər.
Əliyar Xəlil
Globalinfo.az