Tramp xalq 1

ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra əldə olunacağını bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı İranla bağlı mühüm qərar verməli olduğunu deyib.

“Qarşıda mühüm qərar qəbul etməliyəm. İranla ya onlara yenidən qurulmağa və əvvəlkindən daha güclü ölkəyə çevrilməyə imkan verəcək bir razılaşma əldə olunacaq, ya da İslam Respublikasını məhv edəcəm və bunu sürətlə həyata keçirəcəm” – deyə ABŞ lideri bildirib.

Onun sözlərinə görə, İran tərəfi ABŞ-dakı aralıq seçkilərinin nəticələrini gözləyir və bundan sonra Trampın necə davranacağını görmək istəyir.

“Onların anlamadığı budur ki, mən namizəd deyiləm. Mən artıq inamlı qələbə qazanmışam”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti bir daha İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəyini bəyan edib.

Tramp qeyd edib ki, prezident vəzifəsinə başladıqdan sonra İranla danışıqlara başlayıb və nüvə proqramının, eləcə də terrora dəstəyin dayandırılması müqabilində Tehrana geniş iqtisadi əməkdaşlıq təklif edib. Ancaq İran bu təklifə müsbət yanaşmayıb.

“Daha sonra İranı yenidən razılaşma əldə etməyə çağırdım. Onlar yenə imtina etdilər”, – Tramp deyib.

Trampın sözlərinə görə, İranın əsas məqsədi ballistik raketlərdən müdafiə kimi istifadə edərək nüvə silahı yaratmaq olub. O, belə bir imkanın reallaşacağı təqdirdə İranın regionda uzunmüddətli təhlükə yaradacağını diqqətə çatdırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: