“Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr geniş coğrafiyada yerləşir – həm enerji, həm də nəqliyyat dəhlizləri baxımından böyük imkanlar yaradır. Bu isə təkcə təşkilata üzv ölkələr üçün deyil, daha geniş region üçün əhəmiyyət daşıyır”.
Bunu Globalinfo.az-a deputat Aydın Hüseynov deyib.
O bildirib ki, bu gün enerji və nəqliyyat təhlükəsizliyi məsələləri əvvəlkindən daha vacibdir:
“Çünki ölkələrin təhlükəsizliyi yalnız siyasi və hərbi məsələlərlə məhdudlaşmır. Enerjinin etibarlı şəkildə çatdırılması, yük daşımalarının davamlı və təhlükəsiz olması da ümumi təhlükəsizliyin əsas hissəsidir. Bu baxımdan ökəmizin xüsusi rolu var. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə dünya bazarları arasında mühüm tranzit bağlantı yaradır. Xəzər dənizi üzərindən keçən marşrutlar Mərkəzi Asiyanın Avropa və digər beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir. Prezident İlham Əliyev də Azərbaycanın həm enerji təchizatçısı, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər vasitəsilə beynəlxalq bazarlara çıxarılmasında tranzit ölkə kimi rolunu xüsusi qeyd edir. Ölkə başçısının rəhbərliyi ilə son illərdə enerji və nəqliyyat sahəsində bir sıra mühüm layihələr həyata keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, enerji kəmərləri və digər layihələr Azərbaycanın regional tranzit imkanlarını genişləndirib. Bu layihələr həm ölkəmizin iqtisadi imkanlarını artırır, həm də Azərbaycanı Avropa ilə Asiya arasında mühüm bağlantı nöqtəsinə çevirir”.
Aydın Hüseynov
Deputat bildirib ki, enerji sahəsində də Azərbaycanın mövqeyi getdikcə güclənir:
“Cənub Qaz Dəhlizi kimi böyük layihələr Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradıb. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində əməkdaşlığı da genişləndirir. Prezidentin çıxışlarında Xəzərin şərq sahillərindən Azərbaycana, daha sonra isə Avropaya uzanacaq yaşıl enerji bağlantılarının yaradılması istiqamətində görülən işlər xüsusi vurğulanır. Nəqliyyat sahəsində isə əsas istiqamətlərdən biri Orta Dəhlizin inkişafıdır. Bu marşrut Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən Avropa ilə birləşdirir. Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr bu dəhlizin imkanlarını artırır”.
A,Hüseynov qeyd edib ki, İlham Əliyev TDT çərçivəsində nəqliyyat, enerji və logistika məsələlərini daim əsas istiqamətlərdən biri kimi önə çəkir:
“Onun çıxışlarında Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin regional bağlantılara mümkün töhfəsi və türk dövlətləri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi məsələləri xüsusi yer tutur. Burada əsas məsələ layihələrin bir-birini tamamlamasıdır. Nəqliyyat və enerji bağlantıları gücləndikcə TDT ölkələri arasında ticarət, investisiya və iqtisadi əməkdaşlıq üçün də yeni imkanlar yaranır. Azərbaycanın coğrafi mövqeyi bu prosesdə ölkəmizə xüsusi üstünlük verir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan həm Mərkəzi Asiya ölkələri, həm Türkiyə, həm də Avropa bazarları arasında mühüm bağlantı yaradır”.
Ləman İmran
Globalinfo.az