Belarus lideri Aleksandr Lukaşenko ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koulla danışıqlardan sonra 25 məhbusun azadlığa buraxılmasına göstəriş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı rəsmi X sosial şəbəkəsindəki hesabında yazıb.
Koul bildirib ki, Vaşinqton Minsk ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək. O, yaxın gələcəkdə daha çox məhbusun azadlığa buraxılmasına nail olmağa çalışacaqlarını da açıqlayıb.
“Bu gün 25 məhbus azad edildi. Prezident Trampın birbaşa diplomatiyaya sadiqliyi nəticə verir. Bu addıma görə Prezident Lukaşenkoya, dəstəyə görə isə Litvadakı dostlarımıza təşəkkür edirəm. ABŞ-Belarus münasibətlərini yaxşılaşdırmağa davam edəcəyik və yaxın gələcəkdə daha çox insanın azadlığa buraxılmasına çalışacağıq” – deyə Koul yazıb.
Bundan əvvəl Koul ABŞ-ın Lukaşenko üçün Citibank-da dondurulan 43–44 milyon dollar vəsaitin sərbəst buraxılmasına hazır olduğunu bildirib.
Trampın xüsusi nümayəndəsinin sözlərinə görə, bu vəsaitlər dondurulmadan çıxarılmalı və geri qaytarılmalıdır.
O, ABŞ prezident administrasiyasının bankdan konkret cavab alacağı təqdirdə bu barədə dərhal məlumat verəcəyini vəd edib.
Əliyar Xəlil