Böyük Britaniya və Şimali İrlandiyanın Azərbaycandakı səfiri Dunkan Norman Qarabağ bölgəsinə ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Globalinfo.az-ın xəbərinə görə, Xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağa səfər edən Norman “Report”un Xankəndiyə ezam olunmuş müxbirinə bildirib ki, regionda həyata keçirilən bərpa işlərinin sürəti onu heyrətləndirib.
“Bu, həqiqətən də Qarabağa ilk səfərimdir və burada aparılan bərpa işlərinin miqyası heyrətamizdir. Biz möhtəşəm yollardan və tunellərdən universitetə, hotellərə və mədəniyyət mərkəzinə qədər hər şeyi gördük. Cəmi bir səhər ərzində Azərbaycanın həyata keçirdiyi bərpa işlərinin inanılmaz nümunələrinin şahidi olduq”, – diplomat bildirib.
Səfir qeyd edib ki, Böyük Britaniya Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində iştirak edir.
“Böyük Britaniya 2020-ci ildə minatəmizləmə layihəsi çərçivəsində ANAMA-ya yardım edən ilk ölkə olub. Biz minatəmizləmə sahəsində dəstəyimizi davam etdiririk”, – Norman vurğulayıb.
O, həmçinin britaniyalı memarların Şuşa şəhərinin baş planını hazırladığını bildirib.
“Mən günün ikinci yarısında Şuşaya səfər etməyi səbirsizliklə gözləyirəm”, – səfir əlavə edib.