bazar

Neftin sürətlə bahalaşması təhlükəli hal hesab olunur. Belə ki, bunun qiymət artımına və inflyasiyanın yüksəlməsinə səbəb ola biləcəyi bildirilir. Ekspertlər neft qiymətlərində kəskin artımın iqtisadiyyat üçün müəyyən risklər yaratdığını qeyd edirlər.

Bəs Azərbaycan hökumətinə bu bahalıq nə vəd edir? İqtisadiyyatının əsas hissəsi neftdən asılı olan ölkələrə bu gedişat sərfəlidir?

Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, neftin qiymətinin artması Azərbaycan üçün ümumilikdə əlverişlidir:

“Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, qiymət artdıqca büdcəyə və Neft Fonduna daxilolmalar artır. Bu, valyuta ehtiyatlarının artmasına, tədiyə balansının aktivləşməsinə, manatın möhkəmlənməsinə və dövlətin maliyyə resurslarının genişlənməsinə imkan yaradır. Mənfi tərəfi isə neftin qiymətinin kəskin artmasının dünya iqtisadiyyatında inflyasiyanı gücləndirə bilməsidir. Bunun nəticəsində bir sıra sahələrdə tənəzzül yarana, məhsullara tələbat azala və iqtisadi problemlər dərinləşə bilər”.

İqtisadçı bildirib ki, bu proses nəticə etibarilə neftin qiymətinin kəskin aşağı düşməsinə səbəb yaradır:

“Bu da neft ixrac edən ölkələr üçün daha ciddi problemlər deməkdir. Bu baxımdan, neftin qiymətinin 80-90 dollar civarında olması daha optimal hesab edilir. 100-110 dollar da ciddi risk yaratmır, lakin qiymətin 120 dollardan yuxarı qalması uzunmüddətli perspektivdə müəyyən fəsadlara səbəb ola bilər. Hazırkı artımın isə uzunmüddətli olacağını düşünmürəm. İstənilən halda, qiymət artımının müsbət tərəfləri daha çoxdur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: