“Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezident Liderlik Şurası (PLC) qüvvələrinin Sənanı azad etmək barədə qərarı Yəmən münaqişəsində yeni və daha təhlükəli mərhələnin başlanğıcıdır. Riyadın son dövrlərdəki mövqeyi göstərir ki, Husilərin yalnız siyasi təzyiq yolu ilə neytrallaşdırılması artıq kifayət etmir və Səudiyyə Ərəbistanı onların hərbi imkanlarının ciddi şəkildə zəiflədilməsini istəyir”.
Bu sözləri Globalinfo.az-a Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Səudiyyə Ərəbistanı dəstəkli PLC qüvvələrinin paytaxt Səna şəhərinin azad edilməsi əməliyyatına başlamasını şərh edərkən deyib.
Ekspert bildirib ki, Sənanın qısa müddətdə ələ keçirilməsi asan məsələ deyil:
“Husilər adi nizami ordu deyil, uzun illər ərzində dağlıq ərazilərdə müdafiə infrastrukturu, raket və pilotsuz uçuş aparatı imkanları, yerli şəbəkələr və döyüş təcrübəsi formalaşdırmış güclü silahlı hərəkatdır. Hətta Səna itirilsə belə, bu, onların tamamilə yox olması demək deyil. Onlar dağlıq ərazilərə çəkilərək uzunmüddətli partizan müharibəsi apara və Səudiyyə Ərəbistanına raket-dron zərbələrini davam etdirə bilərlər.
Bununla yanaşı, hazırkı vəziyyətdə Riyadın əvvəlki strategiyasından mühüm fərq var. Səudiyyə Ərəbistanı bu dəfə əsas yükü birbaşa öz ordusunun üzərinə qoymaq əvəzinə, Yəməndəki hökumət qüvvələrini və müxtəlif anti-Husi silahlı qrupları daha koordinasiyalı hərbi struktura çevirməyə çalışır. Əgər bu qüvvələr arasında birlik və vahid komandanlıq təmin olunarsa, Husilər üçün vəziyyət həqiqətən ciddi şəkildə dəyişə bilər.

Vüqar Zifəroğlu
Bir məqam da qeyd edilməlidir ki, Riyadın əsas məqsədi yalnız Sənanı tutmaq deyil. Daha böyük məqsəd Husilərin hərbi potensialını zəiflətmək, onları Səudiyyə Ərəbistanının ərazisinə və Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə təhlükə yarada bilməyəcək vəziyyətə gətirmək və son nəticədə daha əlverişli şərtlərlə siyasi danışıqlara məcbur etməkdir.
Ona görə də PLC qüvvələrinin müəyyən hərbi uğurlar qazanması real görünür, lakin Sənanın yaxın müddətdə tam şəkildə ələ keçirilməsi və Husilərin birdəfəlik məğlub edilməsi daha mürəkkəb məsələdir. Əməliyyat başlasa, müharibənin qısa kampaniyadan çox, uzunmüddətli və ağır qarşıdurmaya çevrilməsi ehtimalı yüksəkdir.
Digər mühüm məsələ İran faktorudur. Husilər ciddi təzyiq altında qalarsa, Tehran onlara hərbi, texniki və kəşfiyyat dəstəyini artırmağa cəhd göstərə bilər. Bu isə Yəmən müharibəsini daxili qarşıdurmadan çıxararaq İran–Səudiyyə qarşıdurmasının daha geniş regional cəbhəsinə çevirə bilər”.
Turan Rzayev
Globalinfo.az