toyuq

Sosial şəbəkələrdə 10-dan artıq toyuğu olan şəxslərin vergi ödəyəcəyi ilə bağlı məlumat yayılıb. İddia xüsusilə kənd sakinləri arasında narahatlıq yaradıb və belə bir qərarın absurd olduğu bildirilib. Təbii ki, bu tip “xəbərə” inanan da var, inanmayan da.

Bəs bu məlumatın hüquqi əsası varmı? Gələcəkdə həyətyanı təsərrüfatında müəyyən saydan artıq toyuq saxlayan şəxslərin vergiyə cəlb edilməsi mümkündürmü? Əgər məlumat həqiqəti əks etdirmirsə, bunu yayan şəxslə bağlı hansı tədbirlər görülə bilər?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, toyuqlarla bağlı vergi məsələsi bir qədər absurd görünür:

“Amma istənilən halda belə məsələlər dövlətlərin özlərinin qərar verə biləcəyi məsələlərdir. Ona görə də, heç şübhəsiz, bu cür vergilərin, o cümlədən bu qəbildən olan vergilərin müəyyən edilməsi Azərbaycan dövlətinin tam səlahiyyəti daxilindədir. Lakin mən inanmıram ki, belə bir addım atılsın”.

ramil suleymanov 900x600 3

Ramil Süleymanov

Vəkil bildirib ki, yalan məlumat yayan şəxslər cəzalandırıla bilərlər:

“Uydurma və yalan məlumatların yayılması cəmiyyətdə müəyyən çaşqınlığa səbəb olarsa, maraqlı subyektlər tərəfindən bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edilə və araşdırma başlana bilər. Əgər həqiqətən də sosial şəbəkələrdə və ya internet informasiya ehtiyatlarında əsassız məlumatlar yayan şəxslərin bu fəaliyyəti İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinin tələblərini pozursa, həmin şəxslər barəsində inzibati tədbir görülə və cərimə tətbiq oluna bilər. Cərimənin məbləği isə 2 min manatadək müəyyən edilib”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: