Aİ səfiri Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində həyata keçirdiyi işləri yüksək qiymətləndirib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Mariana Kuyundziç bunu Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransındakı çıxışında deyib.
O, humanitar minatəmizləmənin yalnız təhlükəsizlik məsələsi olmadığını bildirib: “Humanitar minatəmizləmə həm də bərpa, yenidənqurma, insan ləyaqəti və normal həyat üçün ilkin şərtdir”. –
Aİ nümayəndəsi Xorvatiyanın mina təhlükəsi ilə mübarizə sahəsində təcrübəsinə toxunub. O bildirib ki, mina təhlükəsi ilə mübarizə yalnız çirklənmiş ərazilərin təmizlənməsindən ibarət deyil: “Bu, insanların geri qayıtması, evlərin və ictimai infrastrukturun yenidən qurulması, eləcə də icmaların normal həyat, sabitlik və gələcəyə ümid hissini bərpa etməsi üçün şəraitin yaradılması deməkdir”.
Onun sözlərinə görə, mina təhlükəsi ilə mübarizə və yenidənqurma paralel şəkildə həyata keçirilməlidir.
Səfir qeyd edib ki, bərpa prosesi uzunmüddətli planlaşdırmaya, güclü institutlara və zərər çəkmiş icmaların ehtiyaclarına əsaslandıqda daha səmərəli olur.
Mariana Kuyundziç Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində həyata keçirdiyi işləri də yüksək qiymətləndirib: “Biz Azərbaycanın həyata keçirdiyi böyük səyləri, xüsusilə ANAMA-nın və digər əməliyyat iştirakçılarının ərazilərin tədqiqi, təmizlənməsi, maarifləndirmə və zərərçəkmiş icmalara yardım istiqamətində gördüyü işləri yüksək qiymətləndiririk. Bu səylərdə Azərbaycanın yanında olmaqdan qürur duyuruq”.
Aİ nümayəndəsi vurğulayıb ki, təhlükəsiz yaşayış məntəqəsinin yaradılması yalnız partlayıcı təhlükələrin aradan qaldırılması ilə məhdudlaşmamalıdır: “Yaşayış məntəqəsi o zaman təhlükəsizdir ki, ailələr qorxu hiss etmədən geri qayıda bilsin, uşaqlar məktəbə təhlükəsiz gedə bilsin, ictimai xidmətlər yenidən fəaliyyət göstərə bilsin, yenidənqurma aydın standartlara uyğun həyata keçirilsin və icmalar gələcəyə inamla öz həyatlarını yenidən qura bilsinlər”.
Mariana Kuyundziç humanitar minatəmizləmənin təhlükəsiz, dayanıqlı və inklüziv yaşayış məntəqələrinin yaradılmasına aparan daha geniş prosesin bir hissəsi kimi qəbul edilməli olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi bu baxımdan mühüm dərslər təqdim edir: “Bu, yalnız çirklənmənin miqyası ilə deyil, həm də minatəmizləmə əməliyyatlarının yenidənqurma, insanların geri qayıdışı və regionun uzunmüddətli inkişafı ilə əlaqələndirilməsi kimi mürəkkəb vəzifə ilə bağlıdır. Bu, kompleks bir prosesdir və burada davamlı beynəlxalq əməkdaşlıq hələ də böyük əhəmiyyət daşıyır”.
Mariana Kuyundziç Aİ-nin Azərbaycanla mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığının davam etdiriləcəyini vurğulayıb: “Avropa İttifaqı bu yanaşmanı qətiyyətlə dəstəkləyir. Üzv dövlətlərlə birlikdə “Team Europe” təşəbbüsü çərçivəsində Aİ icmalar üçün minalardan azad mühitin yaradılmasına və regionda dayanıqlı inkişafın dəstəklənməsinə töhfə verməyə sadiqdir. Bu gün bu kollektiv öhdəliyin Azərbaycana yönəldilmiş maliyyə dəstəyi 22 milyon avroya çatıb”.
Aİ nümayəndəsi qeyd edib ki, əsas məqsəd yalnız əraziləri təmizləmək deyil, təhlükəsizliyi bərpa etmək, insanların geri qayıtmasına şərait yaratmaq və icmaları yenidən qurmaqdır: “Avropa İttifaqı mina təhlükəsi ilə mübarizə sahəsində Azərbaycan üçün etibarlı və uzunmüddətli tərəfdaş olaraq qalır. Biz humanitar minatəmizləməni təhlükəsiz yaşayış məntəqələrinin və bərpa prosesinin mərkəzinə yerləşdirən səyləri dəstəkləməyə sadiqik”.