ABŞ və İran arasında qarşıdurma yenidən şiddətlənib. Gecə saatlarında ABŞ-ın İranın Larak adasına hücumu nəticəsində bir neçə nəfər həlak olub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu hücuma cavab olaraq ABŞ-ın İordaniyadakı bazasına zərbələr endirib.
Vaşinqton İranla mübarizədə niyə hələ də istədiyi nəticəni əldə edə bilmir? Bundan sonra qarşıdurma hansı istiqamətdə inkişaf edəcək? İran danışıqlarda üstünlük qazana və özünü qoruya biləcəkmi? ABŞ və İsrailin İranı işğal etməsi mümkündür?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, baş verənlər qarşıdurmanın yenidən təhlükəli mərhələyə keçdiyini göstərir:
“Tehran buna cavab olaraq ABŞ-ın İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) hərbi mövqelərinə zərbələr endirdiyini açıqlayıb. Beləliklə, bir aylıq fasilə faktiki olaraq başa çatıb və tərəflər arasında qarşılıqlı çəkindirmə mexanizmi yenidən sınağa çəkilir. Qarşıdurmada ABŞ-ın hərbi üstünlüyü var. Bu, şübhəsizdir. Problem sadəcə bu hərbi üstünlüyün siyasi nəticəyə çevrilməməsindədir. ABŞ və İsrail İranın raket, hava hücumundan müdafiə və hərbi infrastrukturuna ciddi zərər vurublar. Lakin İranın bütün hərbi potensialını məhv etmək hələ ki mümkün olmayıb. Çünki İran böyük əraziyə, dağlıq relyefə, çoxsaylı raket və pilotsuz uçuş aparatlarına, yeraltı obyektlərə, regional cavab imkanlarına malikdir. Başqa sözlə müharibənin əvvəlki mərhələsində ABŞ və İsrailin İranın hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflətməsinə baxmayaraq, Tehran yenə də zərbə endirmək qabiliyyətini saxlayır”.

Yusif Bağırzadə
Politoloq bildirib ki, ABŞ İranı işğal etməyin indiki şərtlər daxilində faktiki olaraq mümkünsüzlüyünü başa düşür:
“İranda quru əməliyyatı üçün lazım olacaq qüvvə, logistika və nəzarətin ələ keçirilməsindən sonra vəziyyətin idarə olunması ABŞ üçün son dərəcə böyük resurs tələb edərdi. İran İraqdan daha böyük və coğrafi baxımdan mürəkkəb ölkədir. Buna görə ABŞ-ın hava və dəniz üstünlüyü avtomatik olaraq Tehranda siyasi hakimiyyət dəyişikliyinə gətirib çıxarmır. Ona görə də qarşıya qoyulan hədəf İranı işğal etmək yox, onu əhəmiyyətli dərəcədə zəiflətməkdən ibarətdir. Bu baxımdan əsas hədəf İranın hərbi və iqtisadi imkanlarının mərhələli şəkildə zəiflədilməsi, paralel olaraq sanksiyaların artırılması və Tehranı danışıqlar masasında güzəştə məcbur etməkdir. Vaşinqtonun artıq hərbi təzyiqlə yanaşı maliyyə sanksiyalarını gücləndirməsi də bu strategiyanın davam etdiyini göstərir”.
Y.Bağırazadə qeyd edib ki, İran üçün indi maksimum hədəf “uduzmamaq”dan ibarətdir:
“Tehran yaxşı anlayır ki, ABŞ-ı hərbi cəhətdən məğlub etmək iqtidarında deyil. İran sadəcə ABŞ-da seçkilərin yaxınlaşdığını da nəzərə alaraq müharibəni Vaşinqton üçün kifayət qədər bahalı və siyasi baxımdan problemli vəziyyətə gətirmək istəyir. Hörmüz boğazında təzyiq, ABŞ bazalarına raket və dron hücumları, enerji bazarlarına təsir, eləcə də regional qeyri-sabitlik İranın əsas rıçaqlarıdır. Hesab edirəm ki, hələ bir müddət qarşıdurmanın bu şəkildə davam etməsinə şahidlik edəcəyik. Yəni qarşılıqlı zərbələr, sonra qısa fasilələr, yenidən eskalasiya və paralel danışıqlar davam edəcək”.
Ləman İmran
Globalinfo.az