
“Biz son dərəcə səmimiyik və hər zaman belə olmuşuq. Rusiya ilə münasibətlərin pisləşməsinə səbəb olacaq addımları atan tərəf biz deyilik. Əksinə, Rusiya ilə normal, mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması üçün əlimizdən gələni etmişik və bunu davam etdiririk”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin son bəyanatını şərh edərkən deyib.
Rubinyan Ermənistan sahibkarlarına qarşı Rusiyada tətbiq olunan məhdudiyyətlərə də toxunub. Onun sözlərinə görə, bu məhdudiyyətlər nə Ermənistan-Rusiya münasibətlərinin ruhuna, nə də Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına uyğundur.
Ermənistan rəsmisi ölkəsinin Avropa İttifaqına üzvlük üçün müraciət etməsi məsələsi ilə bağlı da açıqlama verib.
“Bu məsələyə gəlincə, məlum faktdır ki, məhz bizim Aİİ üzrə tərəfdaşlarımız istəyirlər ki, biz bunu edək. Çünki onlar davamlı olaraq bildirirlər ki, referendum keçirilməlidir”, – deyə Rubinyan bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) təqdim etdiyi imkanlardan yararlanaraq, eyni zamanda, Avropa İttifaqına (Aİ) üzvlük niyyətini bəyan etməsini “kinayəli siyasət” adlandırmışdı.
Safura Bənnayeva
Globalinfo.az