imtahan 1 900x600 1

Qəbul imtahanlarının nəticələri açıqlanıb və bu il bir sıra ixtisaslar üzrə keçid ballarının aşağı olması diqqət çəkib. Nəticələr ictimaiyyətdə də birmənalı qarşılanmayıb, bəzi şəxslər göstəricilərin əvvəlki illərlə müqayisədə zəiflədiyini düşünür.

Bəs builki qəbul nəticələri nə ilə izah olunur və keçid ballarının aşağı düşməsi təhsil sistemi baxımından nə dərəcədə narahatedici haldır?

Globalinfo.az-a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva deyib ki, 2026-cı ilin qəbul nəticələrini yalnız universitetə qəbul olunanların sayı ilə müsbət və ya mənfi qiymətləndirmək düzgün olmaz:

“Bu il 87 146 abituriyentin 58 947-si tələbə adı qazanıb. Sayca qəbul miqyası böyükdür, lakin əsas məsələ bu gənclərin hansı ixtisaslara və hansı perspektivlərlə yönəlməsidir. Qəbul zamanı məni daha çox ixtisas seçimi düşündürür. Gənclərin böyük hissəsi ənənəvi istiqamətlərə yönəlir. I qrupda 19 177, II qrupda 15 524, III qrupda isə 15 332 nəfərin qəbul olunması bunu göstərir. Burada söhbət hansısa qrupun üstün və ya zəif olmasından getmir. Əsas sual budur ki, gənclərin seçimi ilə ölkənin gələcək kadr ehtiyacı nə qədər üst-üstə düşür?

sona eliyeva

Sona Əliyeva

Eyni məsələ dövlət sifarişinə də aiddir. 28 mindən çox gəncin dövlət hesabına təhsil alması mühüm sosial göstəricidir. Amma dövlətin ayırdığı vəsaitin hansı ixtisaslara yönəldilməsi də ən az qəbul sayı qədər vacibdir. Çünki bu gün hazırladığımız mütəxəssis əmək bazarına bir neçə ildən sonra çıxacaq. O vaxta qədər həmin bazarın tələbləri də dəyişəcək”.

S.Əliyevanın fikrincə, müsbət məqam odur ki, ali təhsilə qəbul imkanları tədricən şaxələnir:

“4 215 subbakalavrın ali məktəblərə qəbul olunması, SAT, IB və olimpiada kimi alternativ imkanların mövcudluğu göstərir ki, gəncin potensialını yalnız bir imtahan nəticəsi ilə ölçmək yanaşmasından uzaqlaşmaq mümkündür. Amma burada daha böyük bir problem qalır. Belə ki, 17 yaşında gəncdən ixtisas seçməsini istəyirik, amma çox vaxt ona özünü tanımaq və seçdiyi peşənin gələcəyini görmək üçün kifayət qədər vaxtı olmur. Daha sonra isə universiteti bitirən gəncin niyə öz ixtisası üzrə işləmədiyini soruşuruq. Məncə, qəbul imtahanının nəticəsi təhsilin son göstəricisi deyil. Əsl nəticə dörd il sonra görünəcək, məsələn, gənc universiteti hansı bilik və bacarıqlarla bitirəcək, əmək bazarında özünə yer tapa biləcəkmi? Ona görə bundan sonrakı mərhələdə əsas sualımız “Neçə gənci gələcəyin əmək bazarına hazırlaya bildik?” olmalıdır. Məhz bu göstərici təhsil sistemimizin real nəticəsini müəyyən edəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: