ABŞ Prezidenti Donald Trampın İranla iqtisadi əlaqələrini davam etdirən ölkələrə ünvanladığı son mesaj region dövlətləri, o cümlədən Azərbaycan üçün də müəyyən suallar yaradır. Tramp İranla ticarət və maliyyə əlaqələrini davam etdirən ölkələrə qarşı ciddi iqtisadi tədbirlərin görülə biləcəyini açıqlayıb. Bu xəbərdarlıqların İranla enerji və maliyyə əlaqələri olan ölkələrə necə şamil ediləcəyi isə diqqət mərkəzindədir.
Azərbaycanla İran arasında müəyyən iqtisadi və enerji əlaqələri mövcuddur. Bunlardan biri qaz mübadiləsidir. İran Azərbaycana qaz tədarük edir, bunun müqabilində isə Naxçıvanın qaz təminatında iştirak edir. Bu mexanizm uzun müddətdir iki ölkə arasında enerji əməkdaşlığının bir hissəsidir.
Digər tərəfdən, Azərbaycanla İran arasında maliyyə və ticarət əməliyyatları da həyata keçirilir. Bu baxımdan Trampın “İranla iqtisadi əlaqələr saxlayan ölkələr” barədə mesajının Azərbaycan-İran münasibətlərinə konkret olaraq hansı formada təsir göstərə biləcəyi sualı ortaya çıxır.
Burada əsas məsələ ondan ibarətdir ki, ABŞ-ın sözügedən tələbləri bütün iqtisadi əlaqələrə, o cümlədən qaz mübadiləsinə və pul köçürmələrinə şamil ediləcəkmi? Əgər belə bir tələb irəli sürülərsə, Azərbaycan hansı mövqeni tutacaq? Eyni zamanda, ABŞ-ın mümkün sanksiyalarının Azərbaycan banklarına və İranla aparılan maliyyə əməliyyatlarına təsiri necə ola bilər?
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Trampın sözügedən bəyanatı sadəcə bəyanat olaraq qalmayacaq, uzun müddət davam edəcək:
“İranın iqtisadi vəziyyətinin ağır olduğunu ABŞ yaxşı başa düşür və bu məsələ ilə bağlı təzyiqləri davam etdirəcək. Burada bir neçə ciddi məqsəd var. Ola bilsin ki, vacib faktorlardan biri İranı iqtisadi baxımdan çökdürməklə yenə xalqı küçələrə çıxarmaqdır. Eyni zamanda, İran rəhbərliyinə təzyiq edib, onu ABŞ-ın şərtlərini qəbul etməyə məcbur buraxmaqdır.
Hesab edirəm ki, payızda ABŞ Konqresinə nəzərdə tutulan seçkilər və Senatın üçdə biri üçün keçiriləcək seçkilərə qədər hər hansı hərbi əməliyyatlardan söhbət belə gedə bilməz. Amma bu dövrdə məhz təzyiqləri artıracaqlar.

Murad Sadəddionov
Artıq İrandan müxtəlif məlumatların gəldiyini görürük, vəziyyət doğrudan da ağırdır. Bir çox ticarət müəssisələri bağlanır.
O ki qaldı Azərbaycana, düşünmürəm ki, qaz mübadiləsini İrana iqtisadi dəstək kimi qiymətləndirmək olar. Bu, sadəcə logistika baxımından Azərbaycana dəstək kimi qəbul olunmalıdır. Ona görə ki, Azərbaycan bir yandan Astaradan qaz göndərir, eyni məbləğdə qazı Naxçıvanda qəbul edir. Bunun İrana hər hansı iqtisadi dəstək kimi qiymətləndirilməsi doğru olmaz. Burada müəyyən logistik xərclər var, amma cüzidir.
Pul dövriyyəsi ilə bağlı da Azərbaycana problem yaranacağını düşünmürəm. Çünki bu da çox cüzidir. Hər hansı problem ortaya çıxarsa, Azərbaycan bunu ABŞ administrasiyası ilə həll edə bilər.
Əsas məsələ burada Azərbaycan deyil, İrandan mal alacaq ölkələrə dəyəcək zərərdir. Söhbət Çin, Hindistan və bu kimi ölkələrdən gedir. Hətta Türkiyəyə də təsir edə bilər”.
Turan Rzayev
Globalinfo.az