ehali dunya

Sosial şəbəkələrin həyatımıza qatdığı yeni “şokedici” məlumatı nəzərinizə çatdırıram. Şokedici, bəli. Amma ona görə yox ki, doğrudur. Ona görə ki, belə xəbərlərə hələ də inanan, hətta təşvişə düşən insanlar var.

Hələ 2012-ci ildə “dünyanın sonu gəlir” söhbətləri cəmiyyətdə geniş yayılmış, mediada tirajlanmışdı. Bəzi insanlar hətta qiyamətə hazırlaşır, ərzaq ehtiyatı toplayırdılar. O vaxt da dünyanın sonu gəlmədi. Üstündən 14 il keçib, dünya nəinki dağılmayıb, əksinə, əvvəlkindən də sürətlə dəyişərək öz yoluna davam edir.

İndi isə yeni “qiyamət ssenarisi” peyda olub. Deyirlər ki, Yerin cazibə qüvvəsi 7 saniyəlik dayanacaq, insanlar havaya qalxacaq və sonra yerə çırpılacaqlar.

Gəlin, həmin “xəbər buraxılışına” baxaq. Türkiyəli müxbir deyir:

“Dünya 12 avqust 2026-cı ildə saat 17:33-də yer çəkimi 7 saniyəliyinə dayanacaq. Ssenariyə əsasən insanlar bu saatda sabit bir şeylərə tutunmazsa, təxminən 20 metr havaya qalxacaq və anidən yerə çırpılacaq”.

İndi bir anlıq təsəvvür edin: bunu oxuyan yaşlı bir insan, uşaq, yaxud elmə o qədər də bələd olmayan biri nə düşünər? “Doğrudanmı belə olacaq?” deyə qorxuya düşə bilər. Biri yaxınlarına zəng edər, biri paylaşar, başqası da “ehtiyat üçün” hardasa gizlənməyə çalışar.

Problem də məhz budur. Sosial şəbəkələrdə hər gördüyümüz məlumat xəbər deyil. Hər videoda danışan adam mütəxəssis deyil. Üstəlik, sensasiyalı başlıqla təqdim olunan məlumatın doğru olub-olmadığını yoxlamadan paylaşmaqla, biz həmin yalanın daha da böyüməsinə xidmət edirik.

Azərbaycanlı bir bloger isə bu xəbərə cavab olaraq bildirib:

“Bu mümkün deyil. Həmin hadisə nə vaxt baş verə bilər? Əgər bizim Günəş sistemimizə digər qravitasiyası daha güclü cisim gələrsə. Məsələn, əgər Günəş sistemimizə qara dəlik yaxınlaşarsa, təbii ki, bizi də içinə çəkəcək. Sabit, bərk cismə yapışmasaq uçacağıq. Buna yapışsaq belə, onunla birlikdə qara dəliyə sürüklənə bilərik. Yəni belə bir şey mümkün deyil. Bu tarixdə sadəcə tam Günəş tutulması baş verəcək. Bu Günəş tutulmasını qravitasiya ilə bağlamaq absurddur. Tam Günəş tutulması sonuncu dəfə 2000-ci ildə baş vermişdi. 26 il sonra yenə baş verən hadisənin Bakıda görünməsi isə mümkün olmayacaq”.

Burada ən vacib məsələ budur: Günəş tutulması ilə Yerin cazibə qüvvəsinin birdən-birə 7 saniyəlik yox olması arasında heç bir belə əlaqə yoxdur.

Bəs bu cür məlumatlar niyə ortaya çıxır?

Çünki qorxu yaxşı “baxış” gətirir. “Sabah adi bir Günəş tutulması olacaq” başlığı çox adamı maraqlandırmaya bilər. Amma “17:33-də yerin cazibəsi dayanacaq, insanlar havaya uçacaq” yazanda hamı dayanıb baxır, oxuyur, paylaşır. Bir nəfər paylaşır, on nəfər görür, yüz nəfər inanır, min nəfər yayır. Beləcə, bir neçə cümləlik uydurma məlumat kütləvi panikaya çevrilir.

Ona görə də belə xəbərlərlə rastlaşanda ilk işimiz inanmaq yox, yoxlamaq olmalıdır.

Özümüzə üç sadə sual verək: Bu məlumatı kim yayıb? Etibarlı mənbə varmı? Bu barədə rəsmi və elmi qurumlar nə deyir?

Cavab yoxdursa, paylaşmağa da tələsməyək.

Əlqərəz, onsuz da həyat kifayət qədər çətindir. Heç kim sabah başına hansı hadisənin gələcəyini bilmir. Ona görə də olmayan fəlakətləri özümüzə dərd edib bu günü zəhərləməyə dəyməz.

12 avqust gəlib keçəcək, Günəş tutulacaq, sonra Günəş yenə çıxacaq, həyat da davam edəcək.

Bizim isə bir vəzifəmiz var: hər gördüyümüzə inanmayıb, hər eşitdiyimizi yaymayıb, xüsusən də insanları qorxuya salan məlumatlara qarşı bir az daha ayıq olmaq.

safura

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: