“2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ-Ermənistan rəhbərlərinin görüşü region üçün yeni mərhələnin başlanğıcı oldu. Bu görüş təkcə Azərbaycan-Ermənistan sülh prosesinə deyil, həm də ABŞ-Azərbaycan münasibətlərinin inkişafına ciddi təsir göstərdi”.
Bu sözləri Globalinfo.az-a Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib.
Onun sözlərinə görə Azərbaycan-ABŞ əlaqələrində əvvəlki dövrdə gərginliklər vardı:
“Xüsusilə, Bayden administrasiyasının Azərbaycanla bağlı siyasəti rəsmi Bakıda narazılıq doğurmuşdu. ABŞ-nin Azərbaycana ədalətsiz münasibəti ikitərəfli əlaqələrə mənfi təsir göstərirdi. Tramp hakimiyyətə qayıdışı ilə iki dövlət arasındakı əlaqələrə daha praqmatik yanaşma nümayiş etdirdi. Təbii ki, bu da ölkəmiz tərəfindən cavabsız qalmadı.
Vaşinqton görüşünün mühüm nəticələrindən biri də Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıqla bağlı oldu. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə razılaşma, 907-ci düzəliş üzrə məhdudiyyətlərin dayandırılması və reallığa uyğun praktiki addımlar iki ölkə arasında münasibətləri yeni mərhələyə keçirdi. Bu proses həm də Azərbaycanın regional əhəmiyyətinin ABŞ tərəfindən qəbul edildiyini nümayiş etdirir. 2026-cı ilin fevralında Bakıda ABŞ vitse-prezidenti Cey Di Vensin iştirakı ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması da bu xəttin davamı oldu. Tramp Azərbaycan Prezidentinə 26 may 2026-cı ildə yazdığı məktubunda bunu ayrıca qeyd etmişdi.

Mütəllim Rəhimli
8 avqustda Azərbaycan-Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması uzun illər davam edən münaqişənin siyasi mərhələsinin başa çatması istiqamətində mühüm addım oldu. Azərbaycanın irəli sürdüyü beş prinsip sülh sazişinin əsasını təşkil etdi. Bu baxımdan Bakı yalnız sülh danışıqlarının iştirakçısı deyil, həm də yeni sülh gündəliyinin formalaşdırılmasında əsas təşəbbüskar oldu.
TRIPP layihəsi ilə bağlı əldə olunan razılaşma da xüsusi əhəmiyyət daşıyır. Bu layihə yalnız Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat əlaqələrinin yaradılması deyil, həm də Cənubi Qafqazda yeni reallığın formalaşması deməkdir. Belə ki, Azərbaycan bir tərəfdən ABŞ ilə münasibətlərini strateji səviyyəyə yüksəltdi, digər tərəfdən isə Ermənistanla sülh sazişinin paraflanmasına nail oldu. Bu proses Azərbaycanın hərbi qələbədən siyasi-diplomatik qələbəyə keçididir. Eyni zamanda regionda yeni təhlükəsizlik, nəqliyyat və iqtisadi əməkdaşlıq sisteminin formalaşmasına nail oldu”.
Turan Rzayev
Globalinfo.az