c6e466eb 9be3 4d67 b425 5be6ecb7b3f7 900x600 1

ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt bəyanatları getdikcə əvvəlki təsir gücünü itirir. O, dəfələrlə İranı “viran edəcəyi”, rejimi ağır zərbə altına salacağı ilə bağlı açıqlamalar versə də, indiyədək nə bu ölkədə hakimiyyət dəyişikliyi baş verib, nə də rəsmi Tehran siyasətində ciddi geri çəkilmə müşahidə olunub.

Bəs ABŞ–İsrail tandemi həqiqətən İrana qarşı istədiyi nəticəni əldə edə bilmir, yoxsa yaşananlar əvvəlcədən hesablanmış siyasi ssenarinin tərkib hissəsidir?

Globalinfo.az-a danışan politoloq Bəkir Həsənbəyli hesab edir ki, hazırkı İran dövləti ABŞ və üç Avropa dövləti – Fransa, Böyük Britaniya və Almaniyanın birgə layihəsidir:

“Yəni İran layihə dövlətdir. Həmin dörd ölkə SSRİ-nin İrana təsir imkanlarının təhlükəli nəticələrini nəzərə alaraq 1979-cu ildə Fransanın Qvadelupa adasında görüş keçirdi və Rza şahın missiyasının başa çatdığı qənaətinə gəldi. Çünki Rza şah zahirdə Qərb ideologiyasını dəstəkləsə də, sovet ideologiyasına meyilli idi. Bu səbəbdən Qərb radikal məzhəbçi ideologiyaya əsaslanan bir rejimin qurulması ilə bağlı qərar qəbul etdi. Ruhullah Xomeyni də məhz həmin qərardan sonra İraqdan Fransaya aparıldı. Nəticədə Qərbin xüsusi dəstəyi ilə şah rejimi devrildi və İranda teokratik idarəetmə quruldu.

Politoloq deyib ki, İranın molla rejimi üçün müəyyən qırmızı xətlər müəyyənləşdirilmişdi:

“Zaman-zaman Tehran bu sərhədləri aşmağa cəhd etsə də, qarşısı dərhal alınırdı. Əslində, radikal İran uzun illər ABŞ-ın regional maraqlarına xidmət edən amillərdən biri idi. Məhz İranın radikal siyasəti ABŞ-a Yaxın Şərqdə onlarla hərbi baza yaratmağa, Körfəz regionunu təhlükəsizlik çətiri altına almağa imkan verdi. İsrail isə ən müasir silahlarla təmin edildi, hətta rəsmi şəkildə təsdiqlənməsə də, nüvə silahına sahib oldu. ABŞ da İranın radikallığını əsas gətirərək region ölkələrinin təhlükəsizliyini təmin etmək adı altında hər il milyardlarla dollar gəlir əldə edir”.

B.Həsənbəyli qeyd edib ki, ABŞİran qarşıdurması əslində oyun deyil:

“Teokratik rejim II Dünya müharibəsindən sonra formalaşmış dünya nizamının dəyişdiyini anlayır və 47 illik təsir dairəsindən çıxaraq yeni dünya düzənində özünə yer tutmağa çalışır. Bu isə təbii olaraq ABŞ-ın geosiyasi maraqlarına uyğun gəlmir. Vaşinqton təkqütblü dünya qurmaq və həmin sistemdə şəriksiz lider olmaq istəyir. Bu məqsədinə də mərhələli şəkildə yaxınlaşır.

İran ABŞ üçün əsas maneə deyil, sadəcə prosesi ləngidə biləcək vasitələrdən biridir. ABŞ yaxşı anlayır ki, qlobal liderlik üçün enerji resursları üzərində nəzarət həlledici əhəmiyyət daşıyır. Elə buna görə də əvvəlcə Venesuelada proses başladıldı və faktiki olaraq başa çatdırıldı. Çünki 303 milyard barel ehtiyatla Venesuela dünyada birinci yerdədir.

bakir hesenbeyli

Bəkir Həsənbəyli

ABŞ-ın öz neft ehtiyatları, Venesuela və İranın resursları birlikdə dünya neft ehtiyatlarının təxminən 34 faizini təşkil edir. Nəzərə alsaq ki, Körfəz ölkələri də ABŞ-ın təhlükəsizlik çətiri altındadır və onların ehtiyatları dünya neftinin təxminən 50–55 faizinə bərabərdir, o zaman ortaya maraqlı mənzərə çıxır. Dünya neft ehtiyatlarının təxminən 90 faizinə nəzarət imkanı yaranır. Belə bir fürsətdən ABŞ niyə imtina etsin?

Məhz buna görə də İranın əsas neft yataqları və emal müəssisələri hədəfə alınmır. İran iqtisadi cəhətdən boğulur və ona qarşı məcburetmə siyasəti həyata keçirilir. Tehranın buna müqaviməti müvəqqəti xarakter daşıyır. Nəticə etibarilə, onun razılaşmaqdan başqa çıxış yolu qalmayacaq.

Prosesin uzanması da düşünülmüş strategiyanın tərkib hissəsidir. Bu, ilk növbədə ABŞ-ın təhlükəsizlik çətiri altında olan Yaxın Şərq, Körfəz və Avropa ölkələrinə “Əgər mən olmasam…” mesajı verir”.

Politoloq vurğulayıb ki, Hörmüz boğazı qlobal ticarətin ən həssas nöqtələrindən biridir:

“Dünyada 21 əsas dəniz marşrutunu birləşdirən beş strateji su keçidindən biri məhz Hörmüz boğazıdır. Hər il bu marşrutla təxminən 7,3 milyard barel neft daşınır ki, bu da təxminən 600 milyard dollarlıq enerji ticarəti deməkdir. ABŞ bu keçidin İranın tam nəzarətinə keçməsinə heç vaxt imkan verməz. Əks halda, İran Vaşinqtonun regional strategiyasını poza bilər.

İran məğlubiyyət ehtimalını anlayır. Sadəcə, müqavimət nümayiş etdirərək müəyyən güzəştlər əldə etməyə çalışır. Çünki teokratik rejimin ən böyük qorxusu daxili auditoriyadır. Məğlubiyyətin cəmiyyətə qəbul etdirilməsi rejim üçün ən çətin mərhələdir. Buna görə də Tehran müqavimət göstərərək qələbəni ABŞ-a mümkün qədər baha qiymətə satmağa çalışır. Buna nail olub-olmayacağını zaman göstərəcək. Ancaq indidən demək olar ki, ABŞ böyük məqsədlərə çatmaq üçün kiçik güzəştlər etməyi bacaran dövlətdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: