tehran baki moskva scaled

Azərbaycanın həm İran, həm də Rusiya ilə münasibətlərində son dövrlər müşahidə olunan gərginlik Cənubi Qafqazda yeni geosiyasi dinamikanın formalaşdığını göstərir. Tehranın Bakıya qarşı sərtləşən ritorikası və ardıcıl siyasi mesajları fonunda Moskvanın daha təmkinli davranışı diqqət çəksə də, bu sakitliyin nə qədər davam edəcəyi sual altındadır.

Rusiya və İranın Azərbaycana münasibətində müşahidə olunan bu dalğavarı siyasətin arxasında hansı geosiyasi hesablamalar dayanır?

Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, Azərbaycanın həm Rusiya, həm də İranla münasibətləri son illərdə dalğavari inkişaf edir:

“Bunun əsas səbəbi təkcə ikitərəfli münasibətlər yox, həm də Cənubi Qafqazda dəyişən geosiyasi balans, regional güclərin maraqlarının toqquşması və rəsmi Bakının getdikcə daha müstəqil xarici siyasət yürütməsidir.

Son dövrlərdə Tehrandan Bakıya ünvanlanan sərt bəyanatlar fonunda Moskvanın daha təmkinli görünməsi də xüsusi diqqət çəkir. Lakin bu, Rusiyanın mövqeyində fundamental dəyişiklik olduğu anlamına gəlmir. Kreml tarixən münasibətləri situativ maraqlar əsasında tənzimləyən aktordur. Maraqları tələb etdiyi anda ritorikanın sərtləşməsi və ya təzyiq alətlərinin işə salınması Rusiyanın xarici siyasət praktikasında yeni hal deyil. Buna görə də Moskvanın indiki ehtiyatlı mövqeyi daha çox taktiki fasilə təsiri bağışlayır”.

Ekspert deyib ki, Rusiya üçün Azərbaycan həm enerji marşrutları, həm Şimal-Cənub nəqliyyat dəhlizi, həm də Cənubi Qafqazın təhlükəsizlik arxitekturası baxımından əhəmiyyətli ölkədir:

“Eyni zamanda Kreml Azərbaycanın Qərb, Türkiyə və Mərkəzi Asiya ilə artan əlaqələrini diqqətlə izləyir. Münasibətlərdəki dalğalanmalar da məhz bu maraqların zaman-zaman toqquşmasından qaynaqlanır.

İranla münasibətlərdə isə əlavə ideoloji və təhlükəsizlik amilləri mövcuddur. Tehran Azərbaycanın İsrail ilə sıx hərbi-texniki əməkdaşlığını özü üçün milli təhlükəsizlik məsələsi bilir. Üstəlik də Azərbaycanın regionda artan nüfuzu, Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr və Cənubi Azərbaycanda yaşayan milyonlarla etnik azərbaycanlı faktoru İran rəhbərliyinin həssas yanaşdığı məsələlər sırasındadır. Bu səbəbdən Tehran zaman-zaman sərt ritorikaya üstünlük verir”.

Ekspertin sözlərinə görə, İranın son davranışlarının Bakıya qarşı təzyiq və ya şantaj cəhdi olmasını istisna edilmir:

“Dövlətlər beynəlxalq münasibətlərdə bəzən sərt bəyanatlardan və diplomatik təzyiqdən qarşı tərəfi müəyyən güzəştlərə sövq etmək üçün istifadə edirlər. Məncə, bunu hüquqi mənada təhdid kimi deyil, geosiyasi təzyiq siyasəti kimi dəyərləndirmək daha doğrudur.

Tehranın əldə etməyə çalışdığı “nəsə” bir neçə istiqamətdə ola bilər. İlk növbədə, Azərbaycanın İsraillə təhlükəsizlik əməkdaşlığının məhdudlaşdırılması və ya ən azı İran əleyhinə istifadə olunmayacağına dair siyasi təminatlardır. Daha sonra isə Zəngəzur dəhlizi ilə bağlı İranın maraqlarının nəzərə alınmasıdır. Tehran Ermənistan üzərindən keçən ənənəvi kommunikasiya xəttinin əhəmiyyətini itirməsini öz strateji maraqlarına zidd hesab edir. Üçüncü istiqamət isə sərhəd təhlükəsizliyi, regional nəqliyyat layihələri və iqtisadi əməkdaşlıq üzrə Bakının daha çevik mövqe tutmasına nail olmaq istəyi ola bilər”.

Tamilla

Tamilla Qulami

T.Qulami vurğulayıb ki, İranın sərt bəyanatları yalnız Azərbaycana hesablanmış mesaj deyil:

“Bu çıxışlar daxili auditoriyaya, region ölkələrinə və Qərbə də ünvanlanır. Xüsusilə daxili siyasi və iqtisadi problemlərin artdığı dövrlərdə xarici siyasətdə sərt ritorika İran hakimiyyəti üçün daxili konsolidasiya vasitəsinə çevrilə bilir.

Azərbaycan isə son illərdə balanslaşdırılmış xarici siyasət kursunu qorumağa çalışır. Bakı həm Rusiya, həm İran, həm Türkiyə, həm də Qərb ölkələri ilə münasibətləri milli maraqlar prizmasından qurduğunu nümayiş etdirir. Məhz bu müstəqil xətt bəzən böyük regional güclərin narahatlığına səbəb olur və münasibətlərdə periodik olaraq, gərginliklər yaradır.

Ona görə də həm Moskva, həm də Tehranla münasibətlərin dalğavari xarakter daşıması təsadüfi deyil. Bu, Cənubi Qafqazın mürəkkəb geosiyasi reallığından və regional güclərin rəqabətindən irəli gəlir.

İranın son ritorikası Bakıya müəyyən siyasi mesaj və təzyiq elementi ola bilər, lakin Azərbaycanın indiyədək nümayiş etdirdiyi mövqe göstərir ki, Bakı strateji qərarlarını öz milli maraqları əsasında formalaşdırmağa üstünlük verir. Bu səbəbdən yaxın perspektivdə də münasibətlərdə həm gərginlik, həm də dialoq elementlərinin paralel şəkildə davam edəcəyi ehtimalı yüksək görünür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: