İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla HƏMAS-la bağlı əldə olunan razılaşma məsələsində fikir ayrılığı yaşadıqlarını etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Prezident Trampla HƏMAS-la bağlı son razılaşma məsələsində fikir ayrılıqlarımız var və bunu gizlətmirəm”, – deyə Netanyahu vurğulayıb.
Onun sözlərinə görə, Qəzza zolağının bərpası mərhələsinə keçməzdən əvvəl HƏMAS tam silahsızlaşdırılmalı, Qəzza isə demilitarizasiya edilməlidir.
Bundan əvvəl Tramp bəyan etmişdi ki, iyulun 30-da HƏMAS rəhbərliyi ilə aparılan danışıqlarda qruplaşmanın və Qəzzadakı digər silahlı birləşmələrin tam silahsızlaşdırılması barədə “tarixi razılaşma” əldə olunub. Onun sözlərinə görə, bu, Qəzzanın yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına doğru mühüm addımdır.
“Reuters”ə danışan HƏMAS mənbəsi isə layihəyə əsasən ağır silahların yalnız Fələstin administrasiyasının nəzarətində saxlanılacağını və İsrailə verilməyəcəyini bildirib. Qruplaşma həmçinin İsraildən Qəzzaya hücumları dayandırmağı və qoşunlarını bölgədən çıxarmağı tələb edir. İsrail tərəfi isə plana skeptik yanaşır və onun icra müddəti ilə bağlı sualların qaldığını bildirir.
Əliyar Xəlil
Globalinfo.az