“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın səsvermə hüququnu müzakirə edə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
“KTMT-yə üzv ölkələr noyabrın 11-də Moskvada keçiriləcək sammitdə Ermənistanın təşkilatın orqanlarında səsvermə hüququnun dayandırılması məsələsini müzakirə edə bilərlər. Belə qərarın yalnız üzv dövlətlərin konsensusu ilə qəbul olunması mümkündür” – o bildirib.
Vasilyev qeyd edib ki, KTMT Nizamnaməsinə əsasən, üzv dövlət iki il ərzində təşkilat qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməzsə, onun səsvermə hüququ və kvota üzrə vəzifələrə namizəd irəli sürmək hüququ dayandırıla bilər.
O bildirib ki, Ermənistan artıq iki ildən çoxdur nə üzvlük haqlarını ödəyir, nə də KTMT-nin strukturlarında nümayəndələrini saxlayır.
Qeyd edək ki, KTMT hazırda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan olmaqla 6 üzv dövləti birləşdirir.
Əliyar Xəlil
Globalinfo.az