Rusiyadan olan vətəndaşların Ermənistanda kirayə mənzilə tələbatı kəskin artıb və artıq 2022-ci ilin göstəricilərinə yaxınlaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Verstka” nəşri yerli daşınmaz əmlak agentlərinə istinadən məlumat yayıb.
Rieltorların sözlərinə görə, son bir neçə ay ərzində İrəvanda mənzil kirayəsi qiymətləri təxminən 30 faiz bahalaşıb. O, bunu Ermənistana yeni köçən Rusiya vətəndaşlarının sayının artması ilə əlaqələndirib.
Nəşrin həmsöhbəti bildirib ki, son illərdə onun müştərilərinin əksəriyyəti artıq İrəvanda yaşayan rusiyalı miqrantlar idi. Hazırda isə müştərilərinin təxminən 80 faizi Ermənistana yeni gələn və ya yaxın vaxtlarda köçməyi planlaşdıran Rusiya vətəndaşlarıdır.
Ermənistandakı daşınmaz əmlak agentləri qeyd edirlər ki, yeni tələbat dalğası may bayramlarından sonra başlayıb və getdikcə güclənir. Müştərilərin bir qismi avqustun sonu və sentyabr ayı üçün mənzil axtarır.
Nəşrin həmsöhbətlərindən birinin iddiasına görə, Rusiyadan çıxmağı planlaşdıranların bir hissəsi bunu 18–20 sentyabr tarixlərində Dövlət Dumasına keçiriləcək seçkilərdən əvvəl etmək istəyir.
Ermənistan Rusiyadan mühacirət üçün ən əlçatan istiqamətlərdən biri olaraq qalır. 2017-ci ildən etibarən Rusiya vətəndaşları Ermənistana daxili pasportla daxil ola bilirlər. Onların iş, təhsil, sahibkarlıq fəaliyyəti və ya ailə əlaqələri əsasında ölkədə müvəqqəti yaşamaq icazəsi alması da mümkündür.
Əliyar Xəlil